“SƏNGƏÇAL ES”: İSTİSMAR DİSPETÇER QRAFİKİNƏ UYĞUN APARILIR
Son illər istismara verilmiş generasiya gücləri arasında məxsusi yeri olan “Səngəçal Elektrik Stansiyası” dispetçer qrafikinə uyğun şəkildə istismar edilir. Stansiyanın işə qoşulması Bakı şəhərinin və Abşeron yarımadasının elektrik enerjisi təchizatının kəmiyyət və keyfiyyətcə daha da yaxşılaşmasında, eyni zamanda sistemin dayanıqlığının artırılmasında da əhəmiyyətli rol oynayır. Ümumiyyətlə, burada tətbiq olunan texnologiya ən yeni və qabaqcıl olduğundan, hətta xaricdəki oxşar obyektlərdən də üstündür. Bu stansiyanın respublikada istismar edilən digər stansiyalardan fərqi ondadır ki, burada qazdan əlavə mazut yanacağından da istifadə oluna bilir. Elektrik stansiyasında porşen tipli mühərriklərdən ibarət olan aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmətlər qrafikə uyğun, vaxtında göstərilmiş və bunun nəticəsində texniki iqitisadi göstəricilər yüksək olmuşdur. Stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumat görə, burada cari ilin son üç ayı ərzində 344,6 milyon kilovatsaatdan artıq, o cümlədən iyun ayında isə 115,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, cari ilin I yarımilliyində burada 726,3 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir.
Mənbə onu da bildirdi ki, stansiyada bütün işlər günün tələbləri səviyyəsində qurulub. Hazırda fəaliyyətdə olan aqreqatlar işlək vəziyyətdədir. Stansiyada istismar edilən aqreqatların işləmə rejiminə uyğun olaraq, hər maşının 500 saatlıq iş müddəti başa çatdıqdan sonra onlara texniki baxış keçirilir. Bu zaman istismar dövründə meydana çıxan qüsurlu hallar operativ şəkildə aradan qaldırılır və bir daha təkrar baxışdan sonra yenidən istismara buraxılır.
Yeri gəlmişkən, cari ilin son üç ayı ərzində burada fəaliyyətdə olan aqreqatlardan 10-da istismar həddinə uyğun növbəti baxış keçirilmişdir. Təmir işləri isə müəssisədə təşkil olunmuş təmir briqadası tərəfindən həyata keçirilir. Yaranmış nasazlıqlar yerli mütəxəssislər tərəfindən operativ şəkildə aradan qaldırılır.
Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən dövrdə köməkçi avadanlıqlarda da cari təmir işləri aparılmışdır.
Yeri gəlmişkən, mövcud iqlim şəraiti ilə bağlı yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Qrafikə uyğun olaraq yanğınaqarşı, texniki-təhlükəsizlik və əks qəza məşqləri də keçirilmişdir.
Xatırladaq ki, stansiyanın ümumi gücü 300 meqavatdır. Burada hər birinin gücü 16,7 MVt olan 18 ədəd porşen tipli aqreqat quraşdırılmışdır. İstehsal olunan elektrik enerjisi 6 ədəd 63 meqavoltamperlik transformator və eyni sayda 110 kilovoltluq elektrik verilişi xətti ilə enerjisistemə ötürülür.