TƏMİR-BƏRPA İŞLƏRİ QRAFİKƏ UYĞUN APARILIR
Energetiklər isti yayın qızmar günlərində də təmir-bərpa və yenidənqurma işlərini qrafik üzrə yerinə yetirirlər. “Gəncə Regional Elektrik Şəbəkəsi”ndə də ilin birinci yarısında qarşıya qoyulmuş vəzifələr ardıcıllıqla icra edilir.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə şəbəkənin istismar səviyyəsinin yüksəldilməsi, enerji verilişi sahəsində dayanıqlığın təmin olunması barədə məlumat verən REŞ-in məsul işçisinin sözlərinə görə, 35, 110, 330 və 500 kV-lik hava elektrik verilişi xətlərində zəruri tədbirlər həyata keçirilib. Təmirçilər briqadası xeyli sayda izolyator dəyişərək, 322 kq çəkidə sökülmüş künclükləri bərpa ediblər. 512 kq-dan çox müxtəlif en kəsikli naqil dəyişdirilib. Həmçinin hava elektrik verilişi xətlərinin 96,5 km-də əsaslı təmir işi aparılıb.
Qeyd edək ki, elektrik avadanlıqlarının istismarı və təmiri sahəsində də işlər qaydasındadır. 110 kV-lik «Gəncə-1» yarımstansiyasında, 110 kV-lik I və II «Melxior», V-VI “Gəncə” hava xətlərində müasir tipli yağ açarları quraşdırılıb. Eyni zamanda 110 kV-lik “Yenikənd” yarımstansiyasında 2,5 MVA transformator 6,3 MVA transformatorla əvəz olunub. Üstəlik 6,3 MVA transformator üçün 35 kV-lik şin ayırıcısı, xətt ayırıcısı və yağ açarı quraşdırılıb. Əlavə olaraq, 35 kV-lik xətt ayırıcısı ilə 2 nömrəli transformator kabelə birləşdirilib.
Mənbə onu da bildirdi ki, təmirçilər bu işlərlə kifayətlənməyiblər. Dəyişdirilməsi zəruri sayılan 1 nömrəli transformator yenisi ilə əvəz edilib. Əlavə olaraq, bu transformatora 6 kV-lik şin körpüsü, vakuum açarı və 6 kV-lik komplekt paylayıcı quruluş (KRN) quraşdırıblar. 1 nömrəli 40 KVA-lıq xüsusi sərfiyyat transformatorunu da istismara buraxıblar.
Onu da qeyd edək ki, bu işlər müxtəlif yarımstansiyalarda da davam etdirilib. 110 kV-lik «Zəyəm» yarımstansiyasındakı müxtəlif gücə malik 1 və 2 saylı transformatorlar daha müasir - 25 MVt gücündə olan transformatorlarla əvəzlənib. Eyni gərginlikli «Alabaşlı» yarımstansiyasında da analoji addımlar atılıb. İki transformator (1 və 2 saylı) yeniləri ilə əvəzlənib. Yarımstansiyada 2 saylı 63 kVA-lıq xüsusi sərfiyyat transformatoru da quraşdırılıb. Bununla yanaşı, şin ayırıcısı, şin körpüsü, vakuum açarı da quraşdırılması sayəsində yarımstansiyanın fəaliyyəti daha da yaxşılaşdırılıb.