“UCAR EŞ”: TƏMİR İŞLƏRİ APARILIR
“Hər il olduğu kimi, cari ildə də müəssisənin xidməti ərazilərində sistem əhəmiyyətli xeyli təmir-bərpa işləri uğurla həyata keçirilmişdir”, – deyən “Ücar Elektrik Şəbəkəsi”nin (EŞ) məsul işçisi işlərin gedişi barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə məlumat vermişdi.
Onun bildirdiyinə görə, cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan transformator məntəqələrinin 74-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda iki transformator əsaslı təmir edildikdən sonra təkrar şəbəkəya qoşulmuşdur.
Qeyd edək ki, cari ilin son üç ayı ərzində elektrik verilişi xətlərində (EVX) də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. O cümlədən 10 kV-lik III «Şəhər», «Quşçuluq», I “Kənd” HX-lərinin ümumilikdə 3,6 kilometrə yaxını təmir edilmişdir. Eyni zamanda 10 kV-lik “Qazıqumlaq” HX-nin Məlikballı kəndi ərazisində magistral yolun genişləndirilməsi ilə əlaqədar olaraq, xəttin trassasının dəyişdirilməsi zamanı yeni 250 metr xətt çəkilmiş və eyni zamanda həmin bu xəttin bir kilometrə yaxın hissəsi təmir edilmişdir. Həmçinin sözügedən kəndin 0,4 kV-lik EVX-nin trassasının dəyişdirilməsi zamanı 500 metrə yaxın yeni xətt çəkilmişdir. Bütün bunlarla yanaşı müəssisənin xidməti ərazisində olan 0,4 kV-lik xətlərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən 4,7 kilometrə yaxın xətt təmir edilmişdir.
“Bütün bunlarla yanaşı, elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir”, - deyən mənbə aşkar edilmiş qayda pozuntuları barəsində də məlumat verdi.
Onun sözlərinə görə, cari ilin may ayında keçirilmiş reydlər zamanı 100-dən artıq qayda pozuntusu (bunun 75-i məişət aboneneti (əhali) istehlakçılar qrupuna aiddir) qeydə alınmış və itirilmiş elektrik enerjisinin istehlak dəyərinin bərpa edilməsi məqsədilə müvafiq aktlar tərtib edilmişdir. Nəticədə 617,5 min kiovatsaata yaxın (bunun 328,5 min kilovatsatdan çoxu məişət aboneneti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisi itkisi qeydə alınmışdır ki, onun da istehlak dəyəri 37 min manatdan çoxdur. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin 18 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin beş ayı ərzində müəssisə üzrə 270 qayda pozuntusu (bunun 225-i məişət aboneneti (əhali) istehlakçılar qrupuna aiddir) aşkar edilərək 1 milyon 672,7 min kilovatsaata yaxın (bunun 1 milyon 181,3 min kilovatsaatdan çoxu məişət aboneneti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 100,3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 37 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.