YÜKSƏK KEYFİYYƏT UĞRUNDA
“Astara Elektrik Şəbəkəsi”nin xidməti ərazisinə daxil olan enerji təsərrüfatının fəaliyyətini sağlamlaşdırmaq, istehlakçıların elektrik enerjisi ilə daha da dayanıqlı təchizatını təmin etmək məqsədi ilə mühüm işlər həyata keçirilir.
Bu barədə “Astara” EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumatda bildirilib ki, son vaxtlar rayonun enerji təsərrüfatında xeyli iş görülüb, nəticədə enerji təchizatının səviyyəsi daha da yüksəlib. Hazırda Astara rayonu sutka ərzində daha da keyfiyyətli elektrik enerjisi ilə təmin edilir. Bütün bunlar elektrik təsərrüfatında həyata keçirilən tədbirlərlə əlaqədardır. Bu baxımdan, “Astara Elektrik Stansiyası”nın da mühüm rolu var. Stansiyanın istimara verilməsi ilə bölgədə enerji qıtlığana birdəfəlik son qoyulub.
Hazırda istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər davam etdirilir. 2012-ci ilin beş ayı ərzində 10 kilovoltluq hava xətlərində 45 ədəd, 0,4 kV-lik xətlərdə isə 25 ədəd dayaq dəyişdirilib, 3 min metr uzunluğunda naqil yenisi ilə əvəz olunub, 500 metr SİP kabel çəkilib. Həmçinin, 8 ədəd transformator əsaslı təmir edilərək yerinə quraşdırılıb. Beş ayda yeni abonentlər üçün 150 ədəd sayğac quraşdırılıb, 100 ədəd sayğac isə yenisi ilə əvəz olunub.
Qeyd edək ki, bütün yarımstansiyaların əraziləri quru otlardan, 35 və 10 kV-lik xətlərin trassası isə yaşıl kütlədən təmizlənib. Həmçinin, ilkin yanğınsöndürmə vasitələrinə baxışlar keçirilib, inventarların saxlanma qaydaları yoxlanılıb.
Yeri gəlmişkən, şəbəkədə işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə daim diqqət yetirilir. Bunun üçün mütəmadi olaraq qəza məşqləri, müxtəlif treninqlər keçirilir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri də arzuolunan səviyyədədir. İşçilər texniki təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı mütəmadi olaraq təlimatlandırılırlar.