ÖTƏN AYIN YEKUNLARI

Image

Cənubi Qafqaz regionunun ən böyük enerji müəssisəsi sayılan, elektroenergetikamızın flaqmanı “Azərbaycan” İES-in kollektivi, həmişə olduğu kimi, cari ilin ötən aylarında da bütün proqnoz göztəricilərinə layiqincə əməl ediblər.

Stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, energetiklər cari ilin may ayında 420,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal ediblər.

Qeyd edək ki, cari ilin 5 ayı ərzində isə burada 3 milyard 475,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Onu da qeyd edtmək yerinə düşərdi ki, müəssisədə elektrik enerjisinin istehsalı üzrə digər texniki-iqtisadi göstəricilər də uğurludur.

Ölkəmizin iri hidroenergetika qurğularından olan “Şəmkir SES Silsiləsi”ndən əldə etdiyimiz məlumada isə qeyd edilir ki, sözügedən müəssisənin əməkçiləri ilin arxada qalan ayları ərzində 551,5 milyon kilovatsaat elektrik enerjisi istehsal ediblər. Bunun da 380,7 milyon kilovatsaatı “Şəmkir” SES-in, 170,8 milyon kilovatsaatı “Yenikənd” SES-in payına düşür.

Təkcə may ayında “Şəmkir” SES-də 123,7 milyon kilovatsaat, “Yenikənd” SES-də isə 51,5 milyon kilovatsaat elektrik enerjisi istehsal olunub. Yeri gəlmişkən, hər iki stansiya üzrə təmir-bərpa işləri təsdiq edilmiş plan-qrafikləri üzrə aparılır. Yaz-yay sel sularının qəbulu və ötürülməsi işləri hər iki stansiyada normal davam etdirilir. Yanğın təhlükəsi olan bütün iş yerləri və obyektlər diqqət mərkəzində saxlanılır.