TƏMİR-BƏRPA İŞLƏRİ DAVAM EDİR

Image

Ölkənin elektrik enerji təsərrüfatlarında həyata keçirilən hazırlıq işləri Sumqayıtın elektrik enerjisi ilə təminatında müstəsna rolu olan enerji obyektlərindən də yan keçmədi. Digər enerji müəssisələri kimi, “Sumqayıt Elektrik Şəbəkəsi”nin (EŞ) xidməti ərazisində də əvvəllər olduğu kimi, son aylar  ərzində də elektrik enerjisinə olan tələbatın tam və keyfiyyətli şəkildə paylanması, elektrik verilişi xətlərində texnoloji itkilərin azaldılması istiqamətində  müəssisənin balans mənsubiyyətindəki transformator məntəqələri (TM) və elektrik verilişi xətlərində mühüm tədbirlər icra edilməkdədir.

Ümumiyyətlə, cari ildə, o cümlədən son üç ay ərzində müəssisənin balans mənsubiyyətinə aid olan EVX-lərində və TM-lərdə nəzərdə tutulmuş təmir işləri təmir qrafikinə uyğun başa çatdırılmışdır.

Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində müəssisənin xidməti ərazisində 530 metrdən artıq SİP, 150 metrə yaxın isə AVVQ tipli kabel xətləri çəkilmiş, 28 ədəd kabel xəttində müxtəlif təyinatlı təmir işləri də həyata keçirilımişdir. Eyni zamanda 6 kilometə yaxın AS markalı naqil və 10 ədəd dayaq yenisi ilə əvəzlənmişdir.

Qeyd edək ki, müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdə də sözügedən dövrdə müxtəlif təyinatlı təmir işləri aparılmış, o cümlədən  ümumi gücü 1,4 MVA olan iki transformator da təmir edilərək təkrar şəbəkəyə qaşulmuşdur.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, şəbəkə üzrə yanğından mühafizə tədbirləri də daim diqqət mərkəzindədir. Hazırki hava şəraitini nəzərə alaraq  və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM-lərin ərazisi quru otlardan təmizlənmiş və digər qabaqlayıcı tədbirlər görülür.

“Növbəti mövsümə hazırlığın uğurla başa çatdırılması istiqamətində enerji təchizatçıları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar”, – deyən mənbə elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən də məlumat verdi.

Mənbəyə istinadən qeyd edək ki, cari ilin 5 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 1200 istehlakçının (bunun 110-dan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) sayğaç uçot komplektini pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 2 milyon 900,7 min  kilovatsaata yaxın (bunun 2 milyon 85 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 174 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 68 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.