ŞƏKİ ES: KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ YÜKSƏK SƏVİYYƏDƏDİR
Səmərəliliyi yüksək olmaqla yanaşı, tikinti müddətinin də azlığını nəzərə alaraq Regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində tikilib istismara verilmiş “Şəki Elektrik Stansiyası” şimal-qərb bölgəsinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayır. Bu generasiya müəssisəsinin fəaliyyəti nəticəsində bölgənin rayonlarını qidalandıran xətlərdə itkilərin həcmini əhəmiyyətli dərəcədə aşağı salmaq və elektrik enerjisinin keyfiyyət göstəricilərini yüksəltmək mümkün olmuşdur.
Stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata istinadən, müəssisədə istismar fəaliyyəti qrafikə uyğun olaraq həyata keçirilir və generatorların hamısı normal iş rejimindədir. Hal-hazırda stansiya dispetçer qrafikinə uyğun fəaliyyətini davam etdirir.
Elektrik stansiyasından daxil olan məlumatda enerjinin istehsalı ilə əlaqədar məsələyə toxunularaq qeyd edilir ki, cari ilin may ayında burada 24,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, cari ilin ötən 5 ayı ərzində isə 129,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Yeri gəlmişkən, həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalı üzrə digər texniki iqtisadi göstəricilər üzrə də cari ilin 5 ayı ərzində, o cümlədən may ayında nəticələr qənaətbəxşdir.
Mənbədən o da bildirilir ki, müəssisənin personalı tərəfindən elektrik stansiyasının mühərriklərinə planlı texniki qulluq göstərilir. Tələbatçıların daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində plan tapşırıqlarına uyğun olaraq 1 saylı aqreqatda əsaslı təmir işləri başa çatdırılmışdır. Digər aqreqatlarda da əsaslı texniki xidmət işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Mövcud iqlim şəraiti ilə əlaqədar stansiyada ildırımdan mühafizə vasitələrinə növbədənkənar baxış keçirilmiş, aşkar edilmiş qüsurlar aradan qaldırılmış və digər təyinatlı sazlama işləri də aparılmışdır. Ümumiyyətlə, stansiya avadanlıqlarının ildırımlı mövsümə hazırlığı ilə əlaqədar tədbirlər planı yerinə yetirilmişdir.
Yeri gəlmişkən, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzindədir. Belə ki, sexlər, inzibati bina və yardımçı binalarda yanğınsöndürmə avadanlıqları təftiş edilmiş, ərazi yanğın törədə biləcək tullantılardan təmizlənmişdir.
Bütün bunlarla yanaşı çevik idarəetmə sisteminə malik olan “Şəki Elektrik Stansiyası”nın ərazisində abadlıq işləri də aparılmışdır.
Müəssisədə ilk gündən bütün işlər böyük diqqət və səliqə-sahmanla yerinə yetirilir. Ərazidə əkilən minlərlə ağacı becərmək üçün lazım olan bütün tədbirlər həyata keçirilir və yaşıllığın miqyası ildən-ilə genişləndirilir.
Sonda onu da qeyd edək ki, iş yerlərində sanitar gigiyena normalarının tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət edilir.
Xatırladaq ki, 10 aqreqatdan ibarət, ümumi gücü 87 MVt olan bu elektrik stansiyasında istehsal olunan elektrik enerjisinin ötürülməsi üçün 19,2 km uzunluğunda 2 dövrəli 110 kV-luq EVX çəkilmişdir.