KOLLEKTİV ƏZMKARLIQ GÖSTƏRİR

Image

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yenidən qurulmuş “Bakı İstilik Elektrik Mərkəzi” paytaxtın istilik və elektrik enerjisi ilə təminatında mühüm yer tutur. Avadanlıqların səmərəli istismarı və işlərin mövcud normativ tələblər əsasında aparılması stansiyanın dayanıqlığını daha da artırır. Bu da öz növbəsində texniki-iqtisadi göstəricilərin daha da yaxşılaşmasına kömək edir.

Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, dispetçer qrafikinə uyğun olaraq cari ilin may ayında burada 42,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. İstilik enerjisinin buraxılışı isə 14,4 min hika-kaloriyə yaxın olub. Ümumilikdə ilin ilk 5 ayı ərzində 219 milyon kilovat-saat elektrik enerjisi istehsalı həyata keçirilib. Eyni zamanda 174 min  hika-kaloridən çox  istilik enerjisi buraxılıb.

Yeri gəlmişkən,  avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində  həm elektrik, həm də istilik enerjisinin buraxılışına şərti yanacağın xüsusi sərfi göstəriciləri üzrə də sözügedən dövrlərdə nəzərəçarpacaq səviyyədə qənaətə nail olunub.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, cari ilin əvvəlindən pik boylerdə, 1 və 2 saylı qaz-turbin qurğularının avadanlıqlarında, mazut təsərrüfatının su, buxar və yanğın xətlərində, kompressor təsərrüfatında, dəniz suyu xətlərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib.

Hazırda növbəti payız-qış mövsümünə hazırlıq işləri yük­sək səviyyədə aparılır. Xüsusi olaraq istilik şəbəkəsinin saz vəziyyətə gətirilməsinə çalışılır. Bu sıraya əsas pik boylerinin armatur hissələrinin, nasosların təftişi və digər işlər daxildir. Həm­çinin, İEM-in ərazisində fəaliyyət göstərən 110 kilovoltluq yarımstansiyada 8 ədəd yağ açarının müasir tipli eleqaz açarları ilə dəyişdirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, “Bakı İEM”də hər birinin gücü 53,5 MVt olan iki qaz-turbin qurğusu fəaliyyət göstərir.