TƏMİR İŞLƏRİ APARILIR

Image

İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, itkilərin azaldılması məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, energetklərin  ən mühüm vəzifələrindən biridir. Digər enerji obyektlərində olduğu kimi “Gəncə Regional Elektrik Şəbəkəsi”nin (REŞ) də  xidməti ərazilərində  bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Ən əsası isə respublika enerjisistemi üçün strateji əhəmiyyətə malik bu sistemtəşkiledici şəbəkə xüsusi diqqət mərkəzindədir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən REŞ-in balans mənsubiyyətinə aid olan yüksək gərginlikli elektrik verilişi hava xətlərində (EVHX) cari ilin son üç ayı ərzində metal dayaqlarda qaynaqdan qopmuş hissələr qaynaq olunaraq bərpa edilmiş, müxtəlif markalı naqil və izolyator yenisi ilə əvəz edilmişdir. Bununla yanaşı, həmin bu dövr ərzində hava xətlərinin trassası ağaclardan təmizlənmiş və işlər mütəmadi olaraq davam etdirilir.

Digər təmir işlərindən danışan mənbə onu da bildirdi ki, sözügedən dövrdə 330 kV-lik  “Ağstafa” yarımstansiyasında 2 saylı gücü 125 MVA olan avtotransformatorun  və 110 kV-lik “Poylu” hava xəttinin 1-ci və 2-ci şin sistemində şin ayrıcıları yenisi ilə əvəz edilmişdir. Eyni zamanda sözügedən dövrdə hər birinin gücü 125 MVA olan 1 və 2 saylı avtotransformatorların 330, 110 və 10 kV-lik şin körpülərinə yeni müasir tipli boşaldıcılar quraşdırılmışdır.

Qeyd edək ki, sözügedən dövrdə 110 kV-lik “Gəncə-2” yarımstansiyasında müxtəlif gücdə transformatorlar və onların avadanlıqları təmir edilmişdir.  Paralel olaraq bu yarımstansiyaların digər elektrik avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Belə ki, 110 kV-lik 1-ci və 2-ci şin sistemi montaj edilmiş, kabel kanalları quraşdırılmış, 5 kilometrə yaxın kabel çəkilmişdir. Eyni zamanda 110 kV-lik 1-ci və 2-ci “Şəmkir” və eyni saylı “Alabaşlı2 hava xətlərinin yuvalarında altı metal konstruksiya quraşdırılmışdır. Bütün bunlarla yanaşı sözügedən hava xətlərinin yuvalarında eleqaz açarları və cərəyan transformatorları da quraşdırılmışdır.

Onu da qeyd etmək yerinə düşərdi ki, digər müəssisələrdə olduğu kimi burada da yanğın təhlükəsizliyi tədbirləri daim diqqət mərkəzindədir. Belə ki, mövcud hava şəraiti ilə əlaqədar olaraq sistemtəşkiledici 110-500 kV-lik yarımstansiya və EVX-lərə növbədənkənar baxışlar keçirilir, ərazidən quru otlar təmizlənmiş, yarımstansiyaların bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılmış və normal səviyyəyə gətirilmişdir.