“ŞƏMKİR SESS”: UĞURLU NƏTİCƏ
Azərbaycan elektrik energetikasının bir əsrdən artıq tarixi olsa da respublikanın tələbatını ödəyən müstəqil enerji sisteminin yaradılması və müstəqil dövlətimizin enerji təhlükəsizliyini təmin edən maddi-texniki bazanın yaradılması ötən əsrin 70-80-ci illərində Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində mümkün olmuşdur. Belə obyektlərdən biridə Ulu Öndərin təşəbbüsü, gərgin əməyi və bilavasitə yaxından iştirakı ilə ərsəyə gələn, qərb bölgəsinin enerji təchizatında, eyni zamanda pik güclərinin artırılmasında özünəməxsus payı və rolu olan «Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi»dir.
Müəssisədən “Azərenerji ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin aprel ayında 167,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnozlaşdırıldığından 2,1 milyon kilovatsaat çoxdur. Qeyd edilən həcmdən 115,2 milyon kilovatsaatı «Şəmkir» SES-in, 52,7 milyon kilovatsaatı isə «Yenikənd» SES-in payına düşür.
Yeri gəlmişkən, “Şəmkir” SES-də ümumi gücü 380 MVt olan iki hidroaqreqat hazırda saz vəziyyətdə işləyir. 2 saylı hidroaqreqat artıq cari təmirdən çıxarılıb. Təsərrüfatın balansında olan 3 ədəd kətilli və 2 ədəd körpülü kran işlək haldadır. Bununla yanaşı, irili-xırdalı 13 transformator və 8 ədəd kompressor qurğusu normal vəziyyətdədir. Stansiyada olan avadanlıq və qurğularda təmir işləri və profilaktik yoxlamalar davam etdirilir. SES-də 2012-ci ilin yaz-yay sel sularının qəbulu və ötürülməsi işləri normal davam etdirilir.
“Yenikənd” SES-də isə 1 və 4 saylı hidroaqreqatlarda cari təmir işləri aparılıb. Digər 2 hidroaqreqat isə normal fəaliyyətini davam etdirir.
Ümumiyyətlə, digər enerji obyektləri kimi adıçəkilən obyektlərdə də iş rejimi günün tələblərinə cavab verə biləcək səviyyədədir
Xatırladaq ki, silsiləyə “Şəmkir” və “Yenikənd” SES-ləri daxildir.