“ŞƏKİ ES”: HAZIRLIQ İŞLƏRİ UĞURLA DAVAM ETDİRİLİR

Image

Dövlət başçımızın diqqət və qayğısı sayəsində elektrik enerjisi sisteminin iqtisadiyyatın sürətli inkişafını qabaqlamasını təmin etmək məqsədilə postsovet məkanında ilk dəfə olaraq generasiya güclərinin paylanmış struktur konsepsiyasını əsas götürülərək porşen tipli mühərriklərdən ibarət olan generatorlarının tətbiqinə başlanmışdır. Daxili imkanlar hesabına tikilmiş, müstəqillik illərində respublikamızın enerji istehsalı müəssisələri sırasına “Şəki Elektrik Stansiyası” da qoşulub. Tarixən gənc olsa da, burada çalışan energetiklər daim yeniliyə can atıb, istehsalda uğurlar qazanıblar.

Elektrik stansiyasından  “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir.

Qeyd edək ki, “Şəki Elektrik Stansiyası” cari ilin dörd ayı ərzində nəzərdə tutulmuş texniki-iqtisadi göstəricilərə əməl edərək, proqnozlaşdırılmış 103 milyon kilovatsaat elektrik enerjisi əvəzinə 105 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edib.

Yeri gəlmişkən, stansiyada cari ilin aprel ayında 22,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnozlaşdırıldığından 867 min kilovatsaat çoxdur.

Mənbəyə istinadən onu da qeyd edək ki, stansiyada aqreqatların hamısı saz vəziyyətdədir. İstismar səviyyəsinin yüksək həddə saxlanılmasını təmin etmək üçün texniki məsələlərə diqqətlə yanaşılır, vaxtlı-vaxtında texniki baxışlar keçirilir və zəruri operativ tədbirlər görülür. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, təmir-bərpa işləri ilə yanaşı abadlıq, yaşıllaşdırma tədbirlərinə də xüsusi diqqət yetirilmiş, o cümlədən  dekorativ və meyvə bağlarına xüsusi qulluq edilmişdir. Eyni zamanda işçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər həyata keçirilmişdir.  Bütün bunlarla yanaşı cari ildə də heyətin istismar və bilik səviyyəsinin yüksəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilib. Məhz onun nəticəsidir ki, bu günə qədər bədbəxt hadisə və istehsalat zədələnməsi qeydə alınmayıb.

Digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Sexlər, inzibati bina və yardımçı binalar yanğınsöndürmə avadanlıqları ilə təmin olunmuş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir

Xatırladaq ki, ümumi gücü  87 MVt olan bu elektrik stansiyası 10 aqreqatdan ibarətdir.