TƏMİR İŞLƏRİ HƏYATA KEÇİRİLİR
“Gəncə Regional Elektrik Şəbəkəsi”nin (REŞ) idarəetmə strukturuna daxil olan EŞ-lərdə də istehlakçıları daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə cari ilin son üç ayında geniş həcmli yenidənqurma, eyni zamanda əsaslı və cari təmir işləri həyata keçirilmişdir.
“Gəncə” elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində istehlakçıların elektrik enerjisi təchizatı 132 ədəd 10 və 6 kV-lik EVX, ümumilikdə gücü 460 MVA-ya yaxın olan 1038 ədəd TM vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan 6 və 10 kV-lik EVX-lərdə aparılmış müxtəlif təyinatlı təmir işləri zamanı 1,3 kilometri təmir edilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, təmir kampaniyası TM-lərdən də yan ötməmiş və hesabat dövründə 28 ədəd TM təmir edilmişdir.
Yeri gəlmişkən, rayonun enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM və KTM-lərin ərazisi quru otlardan təmizlənmiş, yanğınsöndürmə postları yoxlanılmış və komplektləşdirilmişdir. Eyni zamanda yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.
“Həyata keçirilən təmir-bərpa işləri nəinki istismar səviyyəsinin daha da yüksəldilməsində, enerji haqlarının ödənilməsində, eyni zamanda elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınmasında da mühüm rol oynayır”, – deyən mənbə onu da bildirdi ki, burada cari ilin aprel ayında keçirilmiş reydlər zamanı 16 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək 220,6 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 13,2 min manartdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 21 faizinin ödənişi təmin edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 4 ayı ərzində isə müəssisə üzrə 55 qayda pozuntusu faktı aşkar edilərək 614,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 47 faizinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.