QRAFİK ÜZRƏ NƏZƏRDƏ TUTULAN İŞLƏR BAŞA ÇATIB

Image

Dövlət müstəqilliyinin bərpasından sonra iqtisadiyyatımızın elektrik enerjisi təminatının möhkəmləndirilməsi istiqamətində yenidən qurularaq istismara verilmiş elektrik stansiyalarından biri də “Bakı İstilik Elektrik Mərkəzi”dir. Bu energetika müəssisəsi paytaxtın təkcə enerji təchizatında deyil, istilik təchizatında da əhəmiyyətli rol oynayır. Avadanlıqların istismarı və işlərin mövcud normativ tələblər əsasında aparılması stansiyanın dayanıqlığını daha da artırır. Bu da öz növbəsində texniki iqtisadi göstəricilərin daha da yaxşılaşmasına kömək edir. Hazırda stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin mart ayında burada 46 milyon kilovatsaat proqnoza qarşı 46,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. İstilik enerjisinin buraxılışı isə 40,7 min hika-kaloriyə yaxın olmuşdur.

Qeyd edək ki, müəssisədə cari ilin I rübü ərzində isə 151,5 milyon kilovatsaata yaxın   elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnozlaşdırıldığından 1,5 milyon kilovatsaat çoxdur. Eyni zamanda 138,5 min hika-kalori  proqnoza qarşı 140,4 min  hika-kaloriyə yaxın  istilik enerjisi buraxılmışdır.

Yeri gəlmişkən,  avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində  həm elektrik, həm də istilik enerjisinin buraxılışına şərti yanacağın xüsusi sərfi göstəriciləri üzrə də sözügedən dövrlərdə nəzərəçarpacaq səviyyədə qənaətə nail olunmuşdur. Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, cari ili son üç ayı ərzində pik boylerdə, 1 və 2 saylı qaz-turbin qurğularının avadanlıqlarında, mazut təsərrüfatının su, buxar və yanğın xətlərində, kompressor təsərrüfatında, dəniz suyu xətlərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Bütün bunlarla yanaşı 110 kV-lik yarımstansiyanın da ərazisində müxtəlif təyinatlı təmir işləri aparılmış və transformator təftiş edilmişdir. Eyni zamanda elektrik mühərriklərində və digər köməkçi avadanlıqlarda da təmir işləri yerinə yetirilmişdir. Aparılan işlərin siyahısı ümumilikdə kifayət qədər zəngindir.

Xatırladaq ki, “Bakı” İEM-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz-turbin qurğusu fəaliyyət göstərir.