“SUMQAYIT ES”: REAL İŞLƏRİN NƏTİCƏSİ

Image

Ümumi gücü 525 MVt olan “Sumqayıt” elektrik stansiyası da iqtisadi cəhətdən inkişaf edən Sumqayıt şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsində böyük əhəmiyyətə malikdir. Bundan əlavə enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit işləməsinin təmin edilməsində də böyük rolu var.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiya ötən dövrlərdə olduğu kimi cari ilin 8 ayı ərzində də dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərmiş və burada 1 milyard 927,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki, sözügedən elektrik stansiyasında cari ilin avqust ayında isə istehsal 279,6 milyon kilovatsaata yaxın təşkil etmişdir.

Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki-istehsalat göstəriciləri üzrə də yüksək nəticələr əldə edilmişdir.

Mənbə cari ilin son üç ayı ərzində stansiyada həyata keçirilmiş təmir işləri ilə bağlı məlumat verərkən onu da bildirdi ki, mövsümlə bağlı soyuducu suyun isinməsi və sahil akvatoriyasında dəniz otunun (yosunların) kütləvi gəlməsi ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülmüş və 1-ci pillə təmizləyici qurğu təmir edilmişdir. Eyni zamanda hava filtirlərinin təmizliyi təmin edilmiş və yeni filtirlərin alınması üçün sifariş verilmişdir.

Xatırladaq ki,  “Sumqayıt” elektrik stansiyasında hər birinin gücü 164 meqavat olan iki ədəd qaz turbini və gücü 189 meqavat olan bir ədəd buxar turbini quraşdırılmışdır.