“ASTARA ES”: TƏDBİRLƏR VAXTINDA İCRA EDİLİR

Image

Respublika enerji sisteminin bütün obyektlərində olduğu kimi, ən müasir texnologiyaların tətbiqi ilə daxili imkanlar hesabına tikilərək istifadəyə verilmiş Astara elektrik stansiyasında (ES) da aqreqatlara növbəti planlı istismar həddinə uyğun texniki xidmət göstərilmişdir. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Stansiya işə başladığı gündən qrafikə uyğun olaraq normal iş şəraitində fəaliyyət göstərir və bu günə kimi (01.04.2012-ci ilə kimi) 2 milyard 44,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Elektrik stansiyasından “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, qışın sınaqlarından üzü ağ çıxan kollektiv cari ilin mart ayında da yaxşı işləmiş və 28,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnozlaşdırıldığından 100 min kilovatsaat çoxdur.

Qeyd edək ki, müəssisə cari ilin I rübündə də dispetçer qrafikinə uyğun olaraq Cənub bölgəsinin fasiləsiz elektrik enerji ilə təminatında mühüm rol oynamışdır. Belə ki, sözügedən dövr ərzində burada 84,4 milyon kilovatsaat proqnoza qarşı 85 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir. Eyni zamanda 7 aqreqatda növbəti texniki qulluq işləri yerinə yetirilmişdir. Yaz-yay daşqın sularından mühafizə məqsədilə stansiya ərazisində müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən, hazirda 5 saylı aqreqatda növbəti texniki qulluq işlərinə başlanmışdır.

Onu da qeyd etmək yerinə düşərdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək göstəricilər əldə edilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da bildirilir ki, tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, proqnoz tapşırıqların uğurla yerinə yetirilməsində stansiya kollektivi səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər.

Sonda onu da qeyd edək ki, burada yay mövsümünə hazırlıqla əlaqədar olaraq yanğına qarşı təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Bununla əlaqədar olaraq stansiyanın 110 kV-lik yarımstansiyasının ətrafı şumlanmış, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmışdır. Ümumiyyətlə, müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar belə aradan qaldırılır.

Xatırladaq ki, Dövlət Proqramına uyğun olaraq bölgənin elektrik enerji təminatının yaxşılaşdırılması məqsədilə istismara verilmiş 10 aqreqatdan ibarət bu elektrik stansiyasının ümumi gücü 87 MVt təşkil edir.