TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR

Image

Digər enerji obyektlərində olduğu kimi “Şəki” və “Qax” elektrik şəbəkəsi (EŞ) müəssisələrində də istehlakçıların elektrik enerjisi təchizatında yaranacaq hər hansı bir problemin qarşısının vaxtında alınması məqsədilə  ənənəvi olaraq transformator məntəqələrində (TM) və elektrik verilişi xətlərində  (EVX) təmir-bərpa və yenidənqurma işləri həyata keçirilir.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə  Şəki EŞ-dən daxil olan məlumata görə, son üç ay ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10 kilovoltluq  “İncə-Zunud”, “K. Dəhnə”, “Suçma” və digər EVX-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən 7,4 kilometrə yaxın xətt təmir edimişdir. Eyni zamanda görülmüş işlər çərçivəsində rayonun Köhnə Dəhnə, Cəfərabad, Sarıca, Biləcik, Vərəzət kəndlərində və Şəki şəhərinin özündə 1,3 kilometrə yaxın  0,4 kV-luq xətlər də təmir olunmuşdur.

Qeyd edək ki, sözügedən dövrdə müəssisənin xidmətində olan 22 ədəd TM-də də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Qax EŞ-in energetikləri isə bu müddət ərzində Qax şəhəri və rayonun Meşəbaş, Alatəmir, Əmircan, Qorağan kəndlərində 0,4 kV-luq elektrik verilişi xətlərinin ümumilikdə 5,4 kilometrə yaxın hissəsində təmir işləri həyata keçirmişlər. Eyni zamanda rayonun ərazisində yerləşən müxtəlif yarımstansiyalardan çıxan  10 kV-luq elektrik verilişi xətlərinin ümumilikdə 7 kilometrə yaxın hissəsində əsaslı və cari təmir işləri aparılmışdır.

Onu da qeyd edək ki, bütün bunlarla bərabər son üç ay ərzində 16 ədəd TM-də də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Bunlardan əlavə, müəssisə rəhbərliyi xətlərdə baş verən enerji itkisinin qarşısının alınması məqsədilə müəyyən tədbirlər həyata keçirmişdir. Bu məqsədlə yükə uyğun naqillərin en kəsiyinin dəqiqləşdirilərək əvəzlənməsi işləri aparılmış, elektrik enerjisindən istehlakçıların qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədilə sayğac uçot komplektlərinin baxış üçün maneəsiz yerə köçürülməsi işləri davam etdirilmişdir.

Mənbələrdən daxil olan məlumata görə, fövqəladə hallar nəzərə alınmazsa, müəssisələrin avadanlıqları texniki göstəriciləri  baxımından  iqlim şəraitinə tam hazırdır.