TƏDBİRLƏR VAXTINDA İCRA EDİLİR
Respublikada fəaliyyət göstərən nəhəng hidroenergetika müəssisələrinin birincisi və ümumi gücü 400 MVt-dan artıq olan “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi”nin ölkə enerjisi sistemində, o cümlədən pik güclərinin artırılmasında özünəməxsus rolu vardır.
Müəssisədən “Azərenerji” ASC nin Mətbuat xidmətinə daxil olan məlumata görə, energetiklər cari ilin fevral ayında 122 milyon kilovatsaat proqnoza qarşı 123 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal ediblər.
"Enerji istehsalı ilə silsilənin yalnız “Mingəçevir Su Elektrik Stansiyası” məşğul olub", - deyən mənbə silsilədə aparılan tikinti-quraşdırma işlərinin gedişatı barədə də məlumat vermişdir.
Mənbəyə istinadən qeyd edək ki, cari ilin fevral ayında “Mingəçevir” SES-də 3 nömrəli hidroturbinin sökülməyən hissələrinin yeni turbinə uyğunlaşdırılması işləri aparılıb və 1 nömrəli hidrogeneratorun statorunun dörd hissədən ibarət olan gövdəsinin çanaqları birləşdirilməklə nüvənin və dolaqların yığılmasına şərait yaradılıb.
Onu da qeyd edək ki, suqəbuledici qurğuda hidravlik qaldırıcıların yeniləşdirilməsi üçün özül tökmə işləri aparılıb. Bununla yanaşı, 110 kV-lik yeni APQ-də quraşdırılma işlərinə başlanılması üçün çoxşaxəli işlər həyata keçirilib. 220 və 330 kV-lik yeni APQ-lərdə isə özültökmə işləri davam etdirilib. Yeni tikilən baş idarə şitinin binasının III və IV mərtəbələrinin tikintisinə başlanılıb. Yarımçıq tikili olan təmir bazasında isə tikinti işləri başa çatdırılıb və quraşdırma işləri aparılır.
Yeri gəlmişkən, silsilənin ikinci hissəsi sayılan “Varvara” SES-də isə təmir işləri davam etdirilir. 1 nömrəli hidroaqreqatın müəyyən qismi yığılıb. 2 və 3 nömrəli hidroaqreqatların turbinlərinin hissələrinin quraşdırılması davam edir. Stansiyanın aşağı məcrasında sol sahilbərkitmə işləri davam etdirilir.