TƏMİR İŞLƏRİ APARILIR
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması energetklərin ən mühüm vəzifələrindəndir. Digər enerji obyektlərində olduğu kimi “Xaçmaz REŞ”in də xidməti ərazilərində son üç ay ərzində bu istiqamətdə müvafiq tədbirlər qrafikə uyğun həyata keçirilir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 110 kV-lik “Xaçmaz” yarımstansiyasında 2 saylı 16 MVA transformatorun eyni gərginlikli neytralı yenidən qurulmuş, 110 və 10 kV-lik avadanlıqlarında müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Eyni samanda 10 kV-lik “Gəncəli” və “Nizova” hava xətlərinin yağ açarları da əsaslı təmir olunmuşdur.
Qeyd edək ki, sözügedən dövrdə təmir işləri 110 kV-lik “Qusar”, “Şabran”, “Siyəzən”, “Broyler” yarımstansiyalarında da həyata keçirilmişdir. Belə ki, “Şabran” yarımstansiyasında 2 saylı 16 MVA transformatorda cari təmir işləri aparılmış, onun 110 kV-lik ayrıcısı və qısa qapayıcısı yeni eleqaz açarı ilə əvəz edilmişdir. Yenidənqurma işləri çərçivəsində transformatorun mühafizə dövrələri sabit cərəyana keçirilmiş və 10 kV-lik giriş yağ açarı müasir tipli vakuum açarlı yuva ilə əvəz edilmişdir.
Onu da qeyd edək ki, təmir işləri 35 kV-lik “Quba”, “Qonaqkənd”, “Zeyxur”, “Zeyvə” yarımstansiyalarından da yan keçməmişdir. Burada transformatorların və hava xətlərinin yağ açarları əsaslı təmir olunmuşdur.
Mənbədən daxil olan məlumatda o da bildirilir ki, bütün bunlarla yanaşı sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan 330, 100 və 35 kV-lik hava elektrik verilişi xətlərində (HEVX) də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. O cümlədən, 330 kV-lik “Xaçmaz”, 110 kV-lik I və II “Quba” və “Qusar” EVX-nin metal anker və aralıq dayaqlarında künclüklər bərpa edilmiş, 110 kV-lik “Xudat-Yalama”, “Yalama-Bilici”, 35 kV-lik “Zeyxur-Əcəxur” EVX-lərdə isə ilgəklər (şleyflər) təftiş olunmuş, izolyatorlar dəyişdirilmiş və xətt boyu budama işləri aparılmışdır.
Yeri gəlmişkən, Qusar rayonun dağlıq ərazilərində yerləşən istehlakçıları elektrik enerjisi ilə təmin edən 35 kV-lik “Zeyxur-Əcəxur” EVX-də eyni zamanda 4 ədəd aralıq və 6 ədəd anker ağac dayaqlar yeni metal dayaqlarla əvəz edilərək xəttin dayanıqlığı artırılmışdır.
Sonda onu da qeyd etmək yerinə düşərdi ki, müəssisənin xidməti ərazisində elektrik enerjisi ilə təchizatın dayanıqlığını daha da möhkəmləndirmək və eyni zamanda, hava xətlərinin istismar səviyyəsini yüksəltmək məqsədilə yanğın təhlükəsizliyi tədbirləri daim diqqət mərkəzindədir. Belə ki, hesabat dövründə müəssisənin xidməti ərazisində olan yarımstansiyalarda yanğınsöndürmə postları təftiş edilmiş, yanğın törədə biləcək tullantılardan təmizlənmiş, ərazi çınqılla örtülmüşdür. Eyni zamanda transformator məntəqələrində transformatorlardan yağ sızmaların qarşısı alınmışdır.