ŞƏBƏKƏLƏRİN TEXNİKİ İMKANLARI DAHA DA YAXŞILAŞIR

Image

Ötən ilin noyabrında və bu ilin fevral ayının əvvəllərində respublika ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitində “İmişli Regional Elektrik Şəbəkəsi”nin (REŞ) xidməti ərazisində  enerji təchizatı ilə bağlı heç bir ciddi problem yaşanmayıb.  Bu da təbii ki, ötən il payız-qış mövsümünə hazırlıqla əlaqədar bir sıra yenidənqurma və təmir-tikinti işlərinin həyata keçirilməsi sayəsində mümkün olub.

Sözügedən regional müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, balans mənsubiyyətinə aid olan 35 kV-lik və ondan yuxarı gərginlikli yarımstansiyalarda və elektrik verilişi xətlərində (EVX) son üç ay ərzində nəzərəçarpacaq dərəcədə yenidənqurma və təmir tikinti işləri həyata keçirilmişdir. O cümlədən, 330 kV-lik "İmişli"  yarımstansiyasında  2 saylı 240 MVA-lıq avtotransformatorun quraşdırılması işləri yekunlaşmaq üzrədir. Avtotransformatorun istismara verilməsi isə cari ilin ortalarına planlaşdırılır. Eyni zamanda bu yarımstansiyada 1 saylı 16 MVA-lıq avtotransformator 25 MVA-lıqla əvəz edilmişdir.

Qeyd edək ki, 110 kV-lik "Yeni Beyləqan" yarımstansiyasında ifrat yüklənən 16 MVA gücündə transformator 25 MVA-lıqla əvəz edilmişdir. Perspektiv inkişafla əlaqədar olaraq bu yarımstansiyada eyni güclü ikinci transformatorun da paralel qoşulması nəzərdə tutulmuşdur.

Onu da qeyd edək ki, yenidənqurma işləri 110 kV-lik “Kürdəmir”, “Ağcabədi” və “Sabirabad” yarımstansiyalarından da yan keçməmişdir. Belə ki, “Ağcabədi” yarımstansiyasında yağ açarları müasir tipli eleqaz açarlarla əvəzlənmiş və hazırda sözügedən digər iki yarımstansiyalarda yağ açarlarının müasir tipli eleqaz açarlarla əvəzlənməsi, kabel kanallarının yenidən qurulması, mühafizə-idarəetmə kabellərinin dəyişdirilməsi işləri aparılır.

Onu da qeyd etmək yerinə düşərdi ki, analoji təmir işləri 35 kV-lik “Saatlı” yarımstansiyasında da həyata keçirilmişdir. Eyni zamanda müəssisənin balans mənsubiyyətinə aid olan 35 kV-lik 1 və 2 sayı “Vidadi” yarımstansiyalarının hər birində  gücü 2,5 MVA olan transformator əsaslı təmir edilərək şəbəkəyə qoşulmuşdur.

Mənbədən onu da bildirdilər ki, sözügedən dövr ərzində sistemtəşkiledici III "Şirvan", I, II və III "Kürdəmir", I "Sabirabad" hava xətlərində xəttin dayanıqlığının artırılması məqsədi ilə müxtəlif təyinatlı  təmir işləri həyata keçirilmişdir. Analoji  işlər 35 kV-lik "Mollakənd", "Kəbirli budaqlanması", "Xalac", "Carlı", "Kovlar", "Ulacalı", III "Ağcabədi" hava xətlərində də reallaşdırılıb.

Yeri gəlmişkən, şəbəkə ərazisində yanğın təhlükəsizliyi işləri ilə əlaqədar məsələlərə də ciddi diqqət yetirilir. Belə ki, 110/35/10 kV-lik "Ağcabədi" yarımstansiyasında  su hovuzu qazılıb, qəza yağ anbarının tikintisi başa çatdırılıb. Ümumilikdə 330-110-35 kV-lik bölmələrin ərazilərində kabel kanallarının ətrafı və bütün ərazi yanğın törədə biləcək tullantılardan təmizlənərək kənara daşınıb. Müəyyən sahələrdə kabel kanallarının açıq hissələri örtülüb. Bundan başqa, 330 və 110 kV-lik bölmələrdə yanğınsöndürmə vasitələri dəyişdirilərək yeniləri ilə əvəz edilib.

Sonda o da qeyd edilməlidir ki, görülmüş və hazırda davam etdirilən işlər bölgə ilə yanaşı, ümumilikdə enerjisistemin dayanıqlığına əhəmiyyətli töhfə verəcəkdir.