ENERJİSİSTEM DİSPETÇER QRAFİKİNƏ UYĞUN FƏALİYYƏT GÖSTƏRİR

Image

Ölkə elektrik enerjisi sistemində Dövlət Başçımızın rəhbərliyi altında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində dayanıqlıq daha da möhkəmlənmiş və keyfiyyəti də əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Məhz onun nəticəsidir ki, respublika energetikləri ölkənin elektrik enerjisi ilə normal təchiz olunması məsələsinin öhdəsindən həmişə uğurla gəlirlər.

Qeyd edək ki, xalqımız özünün ən müqəddəs bayramlarından biri olan Novruz bayramını böyük ruh yüksəkliyi ilə qarşılamağa hazırlaşır. Bayramın yüksək səviyyədə keçirilməsi, insanların normal istirahətinin təmin olunması üçün şübhəsiz ki,  infrastruktur sahələrinin də üzərinə böyük vəzifələr düşür. Bu baxımdan, ara günlərə nisbətən bayram günlərində elektrik enerjisinə olan tələbatın artması ilə əlaqədar elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, ölkənin elektrik enerjisi ilə təmin olunmasında müstəsna yeri olan "Azərenerji" ASC-nin struktur vahidinə daxil olan qurumlarda da hər hansı çətinliklərin yaranması gözlənilmir. Bu bayram günlərində də respublikamızda enerjitəchizatı müəssisələrin tələbatına uyğun elektrik enerjisi ilə təmin edilmələri üçün müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilmiş və bütün imkanlar səfərbər edilmişdir.

Səhmdar cəmiyyətin Enerjinin İstehsalı İdarəsindən aldığımız məlumata görə, Novruz bayramı üçün nəzərdə tutulan 7 gün ərzində stansiyaların keyfiyyətli və dayanıqlı fəaliyyətini təmin etmək üçün bütün müəssisələrdə məsul növbətçilər və qəza-bərpa briqadaları fəaliyyət göstərəcək. Eyni zamanda, həmin günlərdə qrafik üzrə planlaşdırılmış təmir işlərin aparılması nəzərdə tutulmur.

Səhmdar cəmiyyətin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən əldə etdiyimiz məlumata görə, istehlakçıların bayram günlərində elektrik enerjisinə artan tələbatlarının daha dolğun şəkildə ödənilməsi üçün  müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilib. İlin əvvəlindən nəzərdə tutulan işlər yerinə yetirilib. Bütün elektrik verilişi xətlərinə və yarımstansiyalara növbədənkənar baxış keçirilib.  Tədbirlər planına uyğun olaraq, istehlakçıları dayanıqlı elektrik enerjisi ilə təchiz etmək üçün bütün Regional Enerji Təchizatı Şəbəkəsi müəssisələri bu ayın 16-dan başlayaraq gücləndirilmiş iş rejiminə keçəcəklər.  Əlavə mal-material ehtiyatı yaradılmış və növbətçi briqadaların sayı artırılmışdır. Bu briqadalar nəqliyyat vasitəsilə təmin olunmuşdur.   Ümumiyyətlə, kollektivin hər bir üzvü ara günlərdə olduğu kimi, bu bayram günlərində də qarşıya qoyulmuş vəzifənin öhdəsindən layiqincə gələcəklərinə əmindirlər.

Yeri gəlmişkən, istehlakçılardan xahiş olunur ki, yarana biləcək hər hansı bir problemlər haqqında “186-Qaynar xətt”ə məlumat versinlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış qüsurun dərhal aradan qaldırılması mümkün olacaqdır.