TƏDBİRLƏR VAXTINDA İCRA EDİLİR

Image

Digər enerji obyektlərində olduğu kimi, ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş “Bakı” elektrik stansiyasında da cari ilin ötən 2 ayı ərzində aqreqatlara planlı,  istismar həddinə uyğun texniki xidmət göstərilmişdir. Stansiya işə başladığı gündən dispetçer qrafikinə uyğun olaraq normal iş şəraitində fəaliyyət göstərir və 2011-ci il ərzində burada  538,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.

Elektrik stansiyasından  “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin fevral ayında 51,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnozlaşdırıldığından 82 min kilovatsaat çoxdur.

Qeyd edək ki, cari ilin 2 ayı ərzində stansiyada 105,5 milyon kilovatsaat proqnoza qarşı 105,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da bildirilir ki, tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, proqnoz tapşırıqların uğurla yerinə yetirilməsində stansiya kollektivi səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edir. Təmir işləri də stansiyanın təmir briqadası tərəfindən aparılır.

Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən dövr ərzində istismar həddinə uyğun 2, 6 və 8 saylı aqreqatlar istisna edilməklə bütün aqreqatlarda növbəti təmir işləri aparılmış, ən geniş həcmli texniki xidmət işləri 4 və 9 saylı aqreqatlarda həyata keçirilmişdir. Eyni zamanda 110 kV-lik yarımstansiyanın da avadanlıqlarında müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Yeri gəlmişkən, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsi olan bütün yerlər diqqətdə saxlanılır və onlar təlimata uyğun olaraq yanğına qarşı ləvazimatlarla tamamilə təmin olunmuşdur.  Stansiyanın və maşın zalının ətrafında olan yağ məhsulları, ərazi otlardan daim təmizlənir.

Xatırladaq ki, ümumi gücü  105 MVt olan bu elektrik stansiyası 12 aqreqatdan ibarətdir.