QIŞ SƏRT KEÇSƏ DƏ…

Image

Bu il qış özünün sərt üzünü göstərdi. Temperatur son yüz on ildə ən minimal həddə düşdü, intensiv yağan qar gündəlik həyatımızda bir çox problemlərə səbəb oldu.

Respublikamızın dilbər guşələrindən olan, Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən Qəbələ rayonuna isə qarın miqdarı bəlkə də digər bölgələrdən daha çox düşdü. Lakin yüksək dağlıq relyefə malik Qəbələ rayonu ərazisində elektrik enerjisi təminatı ilə bağlı heç bir ciddi problem müşahidə olunmadı. İstehlakçılar əvvəlki kimi, fasiləsiz olaraq elektrik enerjisi ilə təchiz olundular. Bütün bunlar Qəbələ Elektrik Şəbəkəsində çalışan insanların mövsümə hazırlıqla əlaqədar olaraq nəzərdə tutulan tədbirlər planını lazımi səviyyədə yerinə yetirdiyini göstərir.

Görülən işlər haqqında Qəbələ Elektrik Şəbəkəsindən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirdilər ki, keçən il xidməti ərazidə 10 kV-lik elektrik verilişi xətlərinin 99 kilometrdən çox hissəsi təmir edilib. Qəbələ şəhərinin E.Kərimov adına küçəsində aparılan abadlıq işləri ilə əlaqədar I "Şəhər" və V "Şəhər" hava xətlərinin 1,5 kilometr məsafəsi 2 dövrəli xətlə yenidən qurulub. Bu məqsədlə 87 ədəd dayaq yenisi ilə əvəz olunub. Eyni zamanda Qəbələ - Aeroport yolunun tikintisi ilə əlaqədər 10 kV-lik hava xətlərində 6 kilometrə yaxın məsafə 2 dövrəli xətlə yenidən qurulub. Hazırda 10 kV-lik hava xətlərində yenidənqurma işləri davam etdirilir.

Qeyd edək ki, 0,4 kV-lik hava xətlərində isə 17 kilometrdən çox məsafədə cari təmir işləri aparılıb. Qəbələ şəhərində aparılan abadlıq işləri ilə əlaqədar 0,4   kV-lik hava xəttinin 6 kilometrdən çox, Nic qəsəbəsi, Aydınqışlaq, Zarağan, Zərgərli kəndlərində isə 1 kilometr məsafəsi əsaslı təmir edilib. Eyni zamanda Bum qəsəbəsində 0,4 kV-lik hava xəttinin 400 metri, Nohurqışlaq və Tüntül kəndlərində isə yol kənarında yerləşən 0,4 kV-lik hava xəttinin 2 kilometrdən çox hissəsi yenidən qurulub. Bundan başqa, 92 km-dən çox məsafədə 10-0,4 kV-lik hava xətlərinin mühafizə zolağı yaşıl kütlədən təmizlənib.

Onu da qeyd edək ki, elektrik enerjisi ilə təminatda dayanıqlığın daha da möhkəmləndirilməsinin təmin edilməsi məqsədi ilə transformator məntəqələrində də təmir işləri aparılıb. 10/0,4 kV-lik transformator məntəqələrinin 70 ədədi təmir edilib. Qəbələ şəhərinin E.Kərimov adına küçəsində 1 ədəd 250 KVA gücündə yeni transformator quraşdırılıb.

Yeri gəlmişkən, təmir işləri bu il də davam etdirilir. Belə ki, cari ilin yanvar ayında 10 kV-lik hava xətlərinin 5 kilometrə yaxın hissəsi təmir edilib. Bu məqsədlə 5 dayaq, 228 kq AS-50 naqili, 18 ədəd ŞS-10 izolyatorundan istifadə edilib. 0,4 kV-lik hava xətlərinin isə 1 km-dən çox məsafəsi təmir edilib. Həmçinin 10/0,4 kV-lik 4 ədəd transformator məntəqəsində də əsaslı təmir işləri aparılıb.