TƏMİR İŞLƏRİ HƏYATA KEÇİRİLİR
İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və keyfiyyətli şəkildə ödəmək məqsədilə generasiya güclərinin artırılması ilə yanaşı, paylayıcı elektrik şəbəkələrinin də genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Digər enerji obyektləri kimi “Qusar Elektrik Şəbəkəsi” (EŞ) müəssisəsində də təmir işləri uğurla həyata keçirilir. Paylayıcı şəbəkələrin enerji təchizatı ümumi uzunluğu 603 kilometrdən artıq olan 34 ədəd 10 və 6 kV-lik EVX-lər, ümumi gücü 78,4 MVA olan 514 ədəd balans və qeyri balans komplekt transformator məntəqələri vasitəsi ilə təmin edilən sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, son üç ay ərzində 10 kV-lik 18 saylı “Yasab” hava xəttində (HX) 4 ədəd dayaq, 5,6 kilometr naqil və 40 ədəd izolyator yenisi ilə əvəz edilmişdir. Eyni zamanda 9 ədəd dayağa artırma (dayağın hündürlüyü artırılmışdır) verilmişdir. Bununla yanaşı 6 kV-lık “Qəsəbə” və “Qullar” HX-lərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən ümumilikdə 3 kilometr naqil və xeyli sayda izolyator yenisi ilə əvəzlənmişdir.
Qeyd edək ki, sözügedən dövrdə müəssisənin balansında olan 10 və 6 kV-lik HEVX-lərdə 22 ədəd dayaq quraşdırılmış, 25 ədədinə artırma verilmiş, 370 ədəd ağac dayaq isə təmir edilmişdir. Eyni zamanda 5,5 kilometr naqil və 270 ədəd izolyator da yenisi ilə əvəzlənmişdir. Mənbədən əldə etdiyimiz digər bir məlumata görə isə, yenidənqurma işləri ilə əlaqədar olaraq sözügedən müddətdə şəbəkənin balansında olan və 10 kV-lik “Şəhər” HX-dən qidalanan 35 saylı 630 kVA-lıq və 32 saylı 400-kVA-lıq KTM-lərin 0,4 kV-lik şəbəkələrində ümumilikdə 44 ədəd dəmir dayaq quraşdırılmışdır. Ümumilikdə isə 0,4 kV-lik şəbəkələrdə 93 ədəd dayaq dəyişdirilmiş, 9 ədədinə artırma verilmiş, 140 ədədi təmir edilmiş və 1,5 kilometr naqil yenisi ilə əvəzlənmişdir.
Yeri gəlmişkən, sözügedən dövr ərzində Gədəzeyxur, Hil, Kuzun, Bədirqala kəndlərində yerləşən KTM-lərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, energetiklər transformatorların nominaldan artıq yüklənməsinin qarşısını almaq məqsədilə fazalar arası yüklər mütəmadi olaraq ölçür və müvafiq tədbirləri həyata keçirirlər.