“MINGƏÇEVIR” REŞ: EVX-LƏRIN DAYANIQLIĞI DIQQƏT MƏRKƏZINDƏDIR
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, itkilərin azaldılması məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi energetiklərin ən mühüm vəzifələrindən biridir. Digər enerji obyektlərində olduğu kimi “Mingəçevir Regional Elektrik Şəbəkəsi”nin (REŞ) də xidməti ərazilərində bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Ən əsası isə respublika enerjisistemi üçün strateji əhəmiyyətə malik 500 və 330 kV-lik “Abşeron” hava elektrik verilişi xətləri də həmişə olduğu kimi, son üç ayda da xüsusi diqqət mərkəzində olmuşdur. Bu hava xətlərinin bir neçəsində müxtəlif təyinatlı işlər yerinə yetirilərək daha da dayanıqlı vəziyyətə gətirilmişdir.
Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə sözügedən müəssisədən məlumat verilib.
Mənbənin bildirdiyinə görə, müəssisənin balans mənsubiyyətinə aid olan 35 kV-lik, 110 kV-lik, 220 kV-lik elektrik verilişi hava xətlərində də analoji tədbirlər davam etdirilib. Belə ki, dayaqlar bərpa edilımiş, qüsurlu izolyatorlar yeniləri ilə əvəz edilmiş və müvafiq hissələrdə boya işləri yerinə yetirilimişdir. Ümumilikdə isə müəssisənin balans mənsubiyyətinə aid olan eynigərginlikli EVX-lərin 35 kilometrdən artıq hissəsində təmir işləri həyata keçirilmişdir.
Sadalanan təmir-bərpa işləri müvafiq olaraq REŞ-in balans mənsubiyyətində fəaliyyət göstərən “Bərdə-Tərtər”, “Məmmədli”, “Naftalan”, “Gəncə”, “Ağsu”, “Mingəçevir” və “Qəbələ” elektrik verilişi xətləri boyunca yerinə yetirilib.
Qeyd edək ki, hesabat dövründə 220 kV-lik “Qəbələ”, 110 kV-lik “Bərdə”, “Ucar” və “Kürəkçay” yarımstansiyalarında da müxtəlif təyinatlı təmir işləri aparılmış, o cümlədən ümumilikdə 24 ədəd yağ açarı əsaslı təmir olunmuş, sınaq işləri aparılaraq istismara verilmişdir.
Mənbənin verdiyi məlumata görə, son üç ay ərzində həyata keçirilən tədbirlər sırasına Tərtər rayonunun elektrik enerjisi təchizatının dayanıqlığının daha da artırılması məqsədilə 110/35/10 kV-lik transformator 110/35/6 kV-lik transformatorla əvəz edilmişdir. Eyni zamanda 110 kV-lik “Çəmənli” yarımstansiyasında isə 16 MVA-lıq transformator 25 MVA-lıq transformatorla əvəz edilərək istismara verilmişdir. Bütün bunlarla yanaşı eyni gərginlikli “Şəhər” yarımstansiyasında isə 7 dəst yağ açarı müasir tipli eleqaz açarla əvəz edilmişdir.