“XAÇMAZ ES”: TEXNİKİ QULLUQ İŞLƏRİ HƏYATA KEÇİRİLMİŞDİR
Ən müasir texnologiyaların tətbiq edildiyi generasiya mənbələrindən biri olan “Xaçmaz” elektrik stansiyası respublikanın şimal bölgəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasında böyük rolu olmuşdur. Stansiyanın işə qoşulması bölgənin elektrik enerjisi təchizatının kəmiyyət və keyfiyyətcə yaxşılaşmasında, eyni zamanda sistemin dayanıqlığının artırılmasında da əhəmiyyətli rol oynayır. Stansiyada texniki istismar səviyyəsinin yüksəldilməsi, avadanlıqların təhlükəsiz və qənaətli işləməsini təmin etmək məqsədi ilə nəzərdə tutulmuş tədbirlər müntəzəm olaraq yerinə yetirilir, o cümlədən vaxtlı-vaxtında texniki baxışlar keçirilir və zəruri operativ tədbirlər görülür. Məhz onun nəticəsidir ki, stansiyada aqreqatların hamısı saz vəziyyətdədir. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
Elektrik stansiyasından “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada cari ilin yanvar ayında 39,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnozlaşdırıldığından 168 min kilovatsaat çoxdur.
Qeyd edək ki, ötən il ərzində isə burada 332,5 milyon kilovatsaat proqnoza qarşı 338,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, son üç ay ərzində stansiyada mühərrik-generatorlarda təlimata uyğun növbəti istismar həddinə uyğun texniki qulluq işləri həyata keçirilmiş, o cümlədən onların köməkçi avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri aparılmış və bu işlər davam etdirilir.
Yeri gəlmişkən, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzindədir. Belə ki, sexlər, inzibati bina və yardımçı binalarda yanğınsöndürmə avadanlıqları təftiş edilmiş, ərazi yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. Eyni zamanda yanğınsöndürmə su sisteminin borularının istilik izolyasiyası təmir edilmişdir. Xatırladaq ki, Dövlət Proqramına uyğun olaraq bölgənin elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə 10 aqreqatdan ibarət, ümumi gücü 87 MVt olan bu elektrik stansiyası 2006-cı ilin dekabr ayında istismara verilmişdir.