MINGƏÇEVIR REŞ: PAYLAYICI ŞƏBƏKƏLƏRDƏ YENIDƏNQURMA IŞLƏRI APARILIB
Enerji obyektlərində aparılan yenidənqurma işləri “Mingəçevir” REŞ-in xidmət ərazilərindəki 6-10 və 0,4 kV-lik paylayıcı şəbəkələrindən də yan keçmədi. Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə bu barədə geniş məlumat verilmişdir.
“Mingəçevir” EŞ-in xidməti ərazisində istehlakçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerji təminatının təmin edilməsi məqsədilə 10, 6 və 0,4 kV-lik Paylayıcı şəbəkələrdə bir sıra işlər aparılıb. Bu tədbirlər sırasına 35 kV-lik “Karxana-601” yarımstansiyasından çıxan 6 kV-lik 12 və 18 saylı hava xətlərinin (HX) əlaqələndirilməs və eyni zamanda 15 saylı HX-nin 125 metr hissəsinin Kür çayının kənarından yenidənqurma işləri ilə əlaqədar olaraq kabel xəttinə keçirilməsi də aiddir. Eyni zamanda buraya 110 kV-lik “Şəhər”, “AzİES” yarımstansiyalarından çıxan xətləri də daxil etmək olar ki, bu EVX-lər boyunca istifadəçilərin elektrik enerjisindən daha səmərəli istifadə qaydalarını tətbiq etmək üçün çılpaq naqillərin SİP kabelləri ilə əvəz edilməsi, zədəli naqillərin dəyişdirməsi işləri uğurla həyata keçirilmişdir.
Müəssisədən bildirilir ki, son üç ay ərzində sözügedən EŞ-in balans mənsubiyyətinə aid olan 6 kV-lik EVX-də 4 kilometrdən artıq məsafədə əsaslı və cari təmir işləri yerinə yetirilib.
Qeyd edək ki, 0,4 kV-lik EVX üzrə isə bu müddət ərzində 5 kilometrdən artıq məsafədə təmir işləri aparılıb. Burada eyni zamanda SİP kabellərin çəkilişi işləri də davam etdirilib. Müəssisənin balans mənsubiyyətinə daxil olan transformator məntəqələrində (TM) də uğurlu təmir-bərpa işləri yerinə yetirilib. Məsələn, burada 630 və 160 kVA-lıq transformatorlarda 0,4 kV-lik zədəli çıxış kabelləri SİP kabelləri ilə dəyişdirilib. 6 kV-lik 30 saylı hava elektrik xəttindən qidalanan transformator məntəqəsində isə 320 kVA-lıq transformator yenisi ilə əvəz edilmişdir ki, bu da əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatında mühüm rol oynamışdır. Ümumilikdə son üç ay ərzində 14 ədəd transformator məntəqəsi əsaslı və cari təmir edilərək normal iş rejiminə gətirilmiş, paralel olaraq 260-dan artıq Smart kart tipli sayğac quraşdırılmışdır.
Müvafiq yenidənqurma işləri “Ucar” Elektrik Şəbəkəsində də həyata keçirilib. Belə ki, şəhərdə aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar olaraq 10 kV-lik 1-ci “Şəhər” və eyni gərginlikli “Pambıq zavod” EVX-lərdə trassanın dəyişdirlıməsi ilə əlaqədar olaraq müxtəlif sayda dayaqlar basdırılmış, zədəli naqillər yeniləri ilə əvəz edilmişdir. Ümumilikdə 10 kV-lik EVX-də 6 kilometrə yaxın məsafədə yeniləşmə və cari təmir işləri aparılıb.
0,4 kV-lik EVX-lərdə yerinə yetirlən təmir-bərpa işləri barədə məlumat verən mənbə qeyd edir ki, burada 5 kilometrə yaxın məsafədə cari təmir işləri icra edilib. Eyni zamanda 17 ədəd TM-də təmir işləri həyata keçirilmiş və 5 ədəd transformator əsaslı təmir edilərək şəbəkəyə qoşulmuşdur.
REŞ-in tərkib hissəsində fəaliyyət göstərən “Ağdaş” Elektrik Şəbəkəsində də analoji işlər görülüb. Burada da müxtəlif sayda dayaqlar basdırılmış, çılpaq naqillər SİP kabelləri ilə dəyişdirlimişdir. Qeyd edək ki, Şəbəkənin 6-10 kV-lik elektrik verilişi xətlərində 5 kilometrə yaxın məsafədə əsaslı və cari təmir işləri yerinə yetirilib.
0,4 KV-lik şəbəkələrdə həyata keçirilən yenidənqurma işlərinə Əmirxan, Orta Ləki, Bulaqotağı, Dəhnə və Kotavan ərazi vahidləri də daxildir ki, burada da zədəli naqillərin yenisi ilə əvəz edilməsi, yararsız dayaqların dəyişdirilməsi və SİP kabellərinin çəkilməsi işləri aparılıb. Qeyd edək ki, 0,4 kV-lik EVX boyunca 5 kilometrdən artıq məsafədə yenidənqurma işləri icra edilib. Mənbədən o da bildirilir ki, 20 ədəd TM-də əsaslı və cari təmir işləri aparılmış, 10 ədəd transformator isə əsaslı təmir edilərək şəbəkəyə qoşulmuşdur.