TEXNİKİ İMKANLAR DAHA DA ARTIRILIR

Image

Ölkənin elektrik enerji təsərrüfatlarında həyata keçirilən hazırlıq işləri Abşeron yarımadası və Bakıətrafı ərazilərin elektrik enerjisi ilə təminatında müstəsna rolu olan enerji obyektlərindən də yan keçməmişdir.  “Abşeron Regional Elektrik Şəbəkəsi”nin (REŞ) balans mənsubiyyətinə aid olan enerji obyektlərində son üç ayda sistem əhəmiyyətli xeyli tədbirlər həyata keçirilmişdir. Bu da elektrik enerjisinə olan tələbatın daha da dayanıqlı və keyfiyyətli şəkildə paylanmasına, elektrik verilişi xətlərində texnoloji itkilərin azaldılmasına və s xidmət edir.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olmuş məlumata görə, EVX və yarımstansiyalar üzrə ötən il üçün nəzərdə tutulmuş təmir işləri qrafikə uyğun vaxtında və keyfiyyətlə yerinə yetirilmişdir. O cümlədən 110 kV-lik “205”saylı yarımstansiyada yenidənqurma işləri ilə əlaqədar eynigərginlikli açıq paylayıcı quruluşda (APQ) eleqaz açarı, cərəyan və gərginlik transformatorlarının quraşdırılması işləri başa çatdırılmışdır.

Qeyd edək ki, analoji təmir işləri 220 kV-lik “Hövsan”, “Səngəçal”, 110 kV-lik “Zabrat”, “8-ci kilometr”, “Zığ” yarımstansiyalarında aparılmış və hazırda bu işlər davam etdirilir. Eyni zamanda 220 kV-lik “Xırdalan” yarımstansiyasının yenidənqurulması ilə əlaqadər 110 kV-lik APQ-dəki mövcud eynigərginlikli 40-dan artıq ayrıcı yenisi ilə əvəz edilmişdir.

Mənbədən daxil olan məlumata əsasən onu da qeyd edək ki, 500 kV-lik “Abşeron” yarımstansiyasında 330 kV-lik APQ-də yeni 3 saylı avtotransformatorun quraşdırılması ilə əlaqədar yenidənqurma işləri davam etdirilir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, enerjisistemin dayanıqlı fəaliyyətində müstəsna xidmətləri olan EVX-lərdə də müxtəlif təyinatlı tədbirlər yerinə yetirilmiş, o cümlədən 220 kV-lik “Ağsu”, “Qəbələ” hava xətlərinin (HX) yenidənqurulması davam etdirilir. Bütün bunlarla yanaşı 110 kV-lik I və II “Qala” hava xəttində bir ədəd aralıq dayaq quraşdırılmış, eyni gərginlikli II “Zığ” HX-də isə 3 ədəd dayaq yenisi ilə əvəzlənmişdir.

Yeri gəlmişkən, “Səngəçal” ES ilə 220 kV-lik “Müşviq” yarımstansiyası arasında 110 kV-lik iki dövrəli HX-nin tikintisi də davam etdirilir.

Mövcud hava şəraiti ilə əlaqədar müəssisənin xidməti ərazisində yanğın təhlükəsizliyi ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. O cümlədən, yağ tutumlu avadanlıqlarda yağın səviyyəsi, girimlərdə təzyiqlərin və transformatorlarda temperaturun norma həddində saxlanması təmin edilir. EVX-lərin trassasında və dayaqların ətraflarında da müxtəlif təyintlı təhlükəsizlik tədbirləri görülür.

Şəbəkədən verilən məlumata istinadən, yerinə yetirlən və hazırda davam etdirilən təmir-bərpa işləri Bakı və bakıətrafı zonaların enerji təhlükəsiziliynin yüksək səviyyədə təmin edilməsi istiqamətində atılan mühüm addımdır və bu işlər davamlı olaraq yerinə yetiriləcək.