CARİ TƏMİR ÜSTÜNLÜK TƏŞKİL ETMİŞDİR

Image

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, ötən ay «Mingəçevir REŞ» MMC-nin balans mənsubiyyətinə aid olan yarımstansiyalarda əsaslı və cari təmir işləri davam etdirilib.

220/110/10 kV-lik «Ağsu» yarımstansiyasında 2 nömrəli avtotransformatorun 10 kV-lik giriş yağ açarı əsaslı təmir edilib, 63 MVA-lıq transformator isə cari təmirdən çıxarılıb. Aldığımız məlumata görə, Min­gəçevir 110/35/6 kV-lik «Şəhər» yarımstansiyasında 35 kV-lik yağ açarı və bölmələrarası yağ açarları əsaslı təmir olunub. Bununla yanaşı, cari təmirlər də həyata keçirilib. «Şəhər» yarımstansiyasında 6 kV-lik 4-cü bölmənin giriş yağ açarı, 15 saylı «Bağlar» hava xəttinin vakuum açarı, 39 saylı hava xəttinin isə VMPE-10 tipli yağ açarı cari təmirdən çıxarılıb.

Təmir işləri Qəbələ, Naftalan, Yevlax, Ucar və Ağcabədi rayonlarındakı yarımstansiyalarda da həyata keçirilib. 220/100/10 kV-lik «Qəbələ» yarımstansiyasında üç ədəd yağ açarı cari təmir olunaraq istismara verilib. 110/35/10 kilovoltluq «Naftalan» və «Yevlax» yarımstansiyalarında isə ümumilikdə beş ədəd yağ açarı əsaslı, o cümlədən üç ədəd yağ açarı, eleqaz və vakuum açarları cari təmir edilərək yenidən şəbəkəyə qoşulub.

110/35/10 kV-lik «Ucar» və «Ağcabədi» yarımstansiyalarında isə iyul ayında cari təmirlərə üstünlük verilib. 110 kV-lik 1-ci «Kürdəmir» və 3-cü «Ucar» hava xətlərinin 110 kV-lik eleqaz açarları, 35 kV-lik «Pirəzə» və 2-ci «Ağcabədi» hava xətlərinin yağ açarları cari təmir olunub.

110/35/10 kV-lik «Böyük Ha­ramı» yarımstansiyasında cari təmirlər 2 saylı 16 MVA-lıq transformatorda, 110 kV-lik «Füzu­li-1», «Xalac», «Füzuli-2», «Qoz­luçay», «Beyləqan», «Şükür­bəyli» hava xətlərinin, 2 saylı 16 MVA transformatorun eleqaz açarlarında və yağ açarlarında aparılıb. Hesabat dövründə cari təmir işləri üstünlük təşkil etmişdir.

Nəzərdə tutulan tədbirlər planına əsasən cari və əsaslı təmir işləri «Mingəçevir REŞ» MMC-nin digər ob­yektlərində də davam etdirilir.