ELEKTRİK STANSİYASI DİSPETÇER QRAFİKINƏ UYĞUN FƏALİYYƏT GÖSTƏRİR

Image

“Şirvan” İES-də stansiyanın mövcud vəziyyətə uyğun normal fəaliyyətini davam etdirməsi üçün  tərtib edilmiş tədbirlər planına uyğun olaraq enerji bloklarında müxtəlif təyinatlı təmir işləri aparılır. Eyni zamanda digər elektrik avadanlıqlarında da profilaktik təmir işləri icra edilir.  Nəticədə istismar müddətinə uyğun  enerji blokunun avadanlıqlarının hal-hazırkı vəziyyətlə müqayisədə texniki iqtisadi göstəriciləri yaxşılaşdırılmışdır. Elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Müəssisədən  “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin yanvar ayında 315,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal olunmuşdur. Bu da proqnozlaşdırıldığından 746 min kilovatsaat çoxdur. Elektrik enerji istehsalının xüsusi sərfi üzrə proqnoz göstərici ilə müqayisədə 365,4 min kilovatsaata yaxın elektrik enerjisinə qənaət edilmişdir.

Qeyd edək ki, ötən il ərzində isə burada 2 milyard 738,5 milyon kilovatsaat proqnoza qarşı 2 milyard 749 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının xüsusi sərfi azalmış və nəticədə 3,5 milyon kilovatsaata yaxın elektrik enerjisinə qənaət edilmişdir.

Qnu da qeyd edək ki, son üç ayı ərzində stansiyada təmir işləri planlı şəkildə davam etdirilmişdir. Belə ki, 3 və 6 saylı enerji bloklarının turbinlərində müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Eyni zamanda 1 saylı enerji blokunun qazanında da profilaktik və təmir işləri həyata keçirilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumatda tədbirlər planına uyğun olaraq sözügedən dövr ərzində 7 ədəd güc transformatorunda təmir və təftiş işləri həyata keçirilmiş, eyni zamanda 110 kV-lik II “Salyan” EVX-nın cərəyan transformatorunda da profilaktik və sınaq işləri aparılmışdır. Bütün bunlarla yanaşı yarımstansiyanın digər elektrik avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Mənbədən onu da bildirdilər ki, analoji təmir işləri hidrotexniki, yanacaq nəqli və kimya sexlərində də həyata keçirilmişdir. Eyni zamanda işçilərin iş şəraitinin yaxşılaşdırılması məqsədilə blok idarəetmə məntəqəsində və inzibati binada da müxtəlif təyinatlı təmir işləri aparılmışdır.

Yeri gəlmişkən, stansiyada nəzərdə tutulmuş təmir-tikinti işləri plana uyğun davam etdirilir. 6 saylı enerji blokunun əsaslı, 1 saylı enerji blokunun orta və digər enerji blokların isə cari təmiri nəzərdə tutulmuşdur. Kollektiv enerji bloklarının fasiləsiz və dayanıqlı işləməsi üçün zəruri olan bütün tədbirləri yerinə yetirməyə var qüvvəsi ilə çalışır.

Sonda onu da qeyd edək ki, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Sexlər, inzibati bina və yardımçı binalar yanğınsöndürmə avadanlıqları ilə təmin olunmuş, ərazi yanğın törədə biləcək tullantılardan təmizlənmişdir

Xatırladaq ki, 1962-ci ildən başlayaraq "Şirvan" İstilik Elektrik Stansiyasında ifrat təzyiqli buxar generatoru ilə işləyən, gücü 150 MVt olan enerji blokları növbə ilə işə qoşularaq 1968-ci ildə stansiyanın layihə gücünə çatdırılması təmin olunmuşdur.

Ölkənin enerji təhlükəsizliyinin təmin olunması məqsədilə hal-hazırda Şirvan şəhərində gücü 780 MVt olan yeni elektrik stansiyasının, yəni “Cənub” elektrik stansiyasının tikinti işləri qrafikə uyğun davam edir.  Bu stansiyada həm qaz, həm mazut, həm də dizel yanacağından istifadə edilməsinə imkan verən müasir texnologiyalar tətbiq ediləcəkdir. Yeni stansiyanın gələcəkdə Abşeron yarımadasının və cənub bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit işləməsinin təmin edilməsində rolu böyük olacaqdır.