REYDLƏR NƏTİCƏ VERİR

Image

Digər elektri şəbəkələrində (EŞ) olduğu kimi “İmişli”, “Ağcabədi” və “Saatlı” EŞ-lərin əməkdaşları tərəfindən də elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə İmişli EŞ-dən daxil olan məlumata görə,  cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 119 istehlakçının sayğac uçot komplektində elektrik enerjisindən istifadə qaydalarının pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 190,9 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 11,4 manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 76 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, burada ötən il ərzində keçirilmiş reydlər zamanı 920-dən artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmiş və 6 milyon 895,7 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 413,7 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Ağcabədi EŞ-dən əldə edilən məlumata görə, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 78 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Nəticədə 651 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 39 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd edək ki, ötən il ərzində burada keçirilmiş reydlər zamanı 1250-dən artıq istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 9 milyon 657,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 579,4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 57 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Saatlı EŞ-in xidməti ərazisində isə cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 46 qayda pozuntusu faktı aşkar edilərək 224,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 13,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 23 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, ötən il ərzində keçirilmiş reydlər zamanı 506 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq 2 milyon 265,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 135,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 31 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən,  mənbələrdən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki,  elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu  məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.