MÜVAFİQ TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün digər enerji müəssisələrində olduğu kimi, “Şabran” və “Siyəzən” elektrik şəbəklərinin (EŞ) kollektivi də xidməti ərazilərində yerləşən transformator və komplekt transformator məntəqələrində (TM və KTM), paylayıcı şəbəkələrdə müvafiq yenidənqurma, təmir-tikinti işləri həyata keçirirlər.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Şabran EŞ-dən daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində istehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması məqsədilə ötən ilin IV rübündə 10, 6 və 0,4 kV-lik şəbəkələrdə bir sıra mühüm təmir işləri həyata keçirilmişdir. Belə ki, şəbəkənin 10 kV-lik “Qəndab”, “Düzbilici” və digər xətlərinin 18 kilometrdən artıq hissəsi və 18 ədəd dayaq yenilənmiş, 200-dən artıq izolyator dəyişdirilmişdir. Hazırda Zeyvə və Kilvar kəndlərinin 6 və 0,4 kV-lik şəbəkəsinin 26 kilometrə yaxın hissəsi müasir standartlara uyğun yenidən qurulur. Bu məqsədlə ümumilikdə 130-dan artıq dayaq basdırılmış və SİP kabellərin çəkilişi davam etdirilir. Bütün bunlarla yanaşı, digər ərazilərdə yerləşən 0,4 kV-lik xətlərdə həyata keçirilmiş yenidənqurma tədbirləri çərçivəsində ümumilikdə 20 kilometrə yaxın xətt dəyişdirilmiş, SİP kabel xətti çəkilmiş, 35 ədəd dayaq basdırılmış və 300-ə yaxın izolyator yenilənmişdir.
Qeyd edək ki, sözügedən dövr ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 30 TM-də müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Eyni zamanda texnoloji itkiləri azaltmaq və transformatorlardan səmərəli istifadə etmək məqsədilə bir neçə transformator yükə uyğun yenisi ilə dəyişdirilmiş və 5 kilometrə yaxın qeyri standart naqil yenisi ilə əvəzlənmişdir.
Siyəzən EŞ-dən əldə edilən məlumata görə, müəssisənin xidməti ərazisində TM, KTM və EVX-lərə baxış keçirilmiş, mövcud nöqsanların aradan qaldırılması məqsədilə təmir qrafiki müəyyən edilmiş və qəza açılmalarının qarşısının alınmaı məqsədilə 6 kV-lik “Ağbaş”, “Çınqıl Zavod”, “Kondensator” və digər hava xətlərində (HX) ümumilikdə 2 kilometrdən artıq naqil, 36 ədəd dayaq və 335-dən çox izolyator yenisi ilə əvəz edilmişdir.
Onu da qeyd edək ki, təmir qrafiki çərçivəsində sözügedən dövrdə ümumi gücü 1,8 MVA-ya yaxın olan 6 ədəd TM-də əsaslı, 24 ədəd KTM-də isə proflaktik təmir işləri həyata keçirilmişdir.
Bunlardan başqa 10, 6 və 0,4 kV-luq HX-də əsaslı və cari təmir işləri aparılaraq 37 kilometrə yaxın naqil dəyişdirilmişdir. Eyni zamanda, sözügedən hava xətlərinin trassalarına müayinə baxış keçirilmiş, ağacların budanması və məftillərin dartınması işləri də aparılmışdır.