REYDLƏR DAVAM ETDİRİLİR
İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Ümumiyyətlə, itkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müvafiq tədbirlər müntəzəm olaraq davam etdirilir. Lakin bütün bunlara baxmayaraq, bir çox istehlakçılar enerji israfçılığına yol verir və istehlak etdikləri elektrik enerjisinin miqdarının gizlədilməsi məqsədilə sayğac sxeminə müdaxilələr edərək enerjidən qeyri-qanuni istifadə edirlər. Həmin istehlakçılar tərəfimizdən aşkar edilir və onlara qarşı qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçirilir.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Qusar elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, 2011-ci il ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 244 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 497 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin (bundan 282,8 min kilovatsaata yaxını məişə abonenti (əhali) istehlakçıları qrupuna aiddir) 29,8 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Qeyd edək ki, 2012-ci ilin yanvar ayında sözügedən müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı isə 3 qayda pozuntusu faktı qeydə alınaraq 4,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin (bu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) 270 manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında bu məbləğin 12 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Mənbədən qayda pozuntularının təsnifatı barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmişdir.