“AZƏRBAYCAN İES”: ÖTƏN İL DƏ UĞURLA YOLA SALINIB

Image

Müəssisəmizin 2011-ci il üzrə təsərrüfat fəaliyyətinə dair yekunların analizi göstərir ki, hesabat dövründə enerji blokları və avadanlıqların texniki-istismar səviyyəsinin yüksəldilməsi, stansiyanın texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılması və stansiya avadanlıqlarının payız-qış mövsümünə hazırlığının təmin olunmasına dair tədbirlər tam həcmdə yerinə yetirilib. Nəticədə stansiyada enerji bloklarının və avadanlıqların dayanıqlı və qənaətli iş rejimləri təmin olunub, dispetçer yük qrafikinə əməl edilməklə enerji istehsalı üzrə verilmiş plan tapşırıqları artıqlaması ilə yerinə yetirilib.

“Azərbaycan İES”dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir.

Mənbənin bildirdiyinə görə, 2011-ci ildə stansiyada 6 milyard 274,8 milyon kilovatsaat proqnoz əvəzinə faktiki olaraq 6 milyard 289,2 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 51,9 milyon kilovat-saat çoxdur.

Qeyd edək ki, ötən il müəssisədə təsdiq edilmiş təmir qrafikinə əsasən, stansiyanın 4 və 8 saylı enerji bloklarında orta təmir, 2 saylı enerji blokunda uzadılmış cari təmir, 6 və 7 saylı enerji bloklarında yenidənqurma, 1, 3 və 5 saylı enerji bloklarında isə planlı cari təmir işləri aparılıb. Görülmüş planlı təmir və yenidənqurma işləri nəticəsində stansiyada ümumilikdə 200 MVt, o cümlədən 6 saylı enerji bloku üzrə 100 MVt, 7 saylı enerji bloku üzrə 80 MVt və 5 saylı enerji bloku üzrə 20 MVt yük məhdudiyyəti aradan qaldırılıb, enerji bloklarının və avadanlıqlarının texniki-iqtisadi göstəriciləri xeyli yaxşılaşdırılıb.

Mənbə onu da bildirdi ki, yeni ilin ilk ayından uğurlu göstəricilərini davam etdirən kollektivi 2012-ci ildə də məsul tapşırıqları yerinə yetirmək vəzifələri gözləyir. Belə ki, 2012-ci ildə "Azərenerji" ASC-nin təsdiq etdiyi təmir qrafikinə uyğun olaraq, stansiyada 1, 3, 7 və 8 saylı enerji bloklarında orta, 4 saylı enerji blokunda əsaslı təmir işlərinin aparılması və 2 saylı tuneldə tikinti işlərinin davam etdirilməsi nəzərdə tutulub.

Yeri gəlmişkən, yeni ilin ilk ayı da kollektiv üçün uğurlu olub. Belə ki, cari ilin yanvar ayında müəssisədə 828 mln. kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu  da proqnozlaşdırıldığından təxminən 1 mln. kilovatsaat çoxdur.