TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR
Son illər respublika elektrik energetika sisteminin fiziki və mənəvi durumunun yenilənməsi, onun Avropa standartlarına inteqrasiyası istiqamətində sistem əhəmiyyətli yeni layihələr həyata keçirilir. Əldə edilən uğurlar elektrik enerjisi təchizatının keyfiyyətini daha da yüksəltmiş və təhlükəsizliyini möhkəmləndirmişdir. Hazırda xidmətimizdə olan bütün yarımstansiyalarda, transformator və komplekt transformator məntəqələrində (TM və KTM), həmçinin elektrikötürücü xətlərdə avadanlıqların iş səmərəliliyinin artırılması məqsədilə bir sıra yenidənqurma, əsaslı təmir və texniki təftiş işləri aparılmışdır.
Cəlilabad Elektrik Şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, ötən ildə müəssisənin xidməti ərazisində yenidənqurma və təmir tikinti işləri həyata keçirilmiş və hazırda bu işlər davam etdirilir. Belə ki, yenidənqurma işləri çərçivəsində 1,2 kilometr uzunluğunda 10 kV-lik EVX çəkilmiş, 8,3 kilometrə yaxın xətt yenidən qurulmuş və 29 kilometrə yaxın xətdə isə təmir işləri aparılmışdır. Eyni zamanda 3 kilometrə yaxın 0,4 kV-lik xətt çəkilmiş, eyni gərginlikli mövcud xətlərin 29 kilometrdən artıq hissəsi SİP kabellə əvəzlənmiş, 11 kilometrə yaxın xətdə isə təmir işləri həyata keçirilmişdir. Bütün bunlarla yanaşı smartkart tipli sayğacların quraşdırılması ilə əlaqədar olaraq 13 kilometrə yaxın koaksial kabel xətti çəkilmişdir.
Qeyd edək ki, təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdən də yan keçməmişdir. Belə ki, sözügedən dövrt ərzində 4 ədəd yeni TM quraşdirilmiş, 50-dən artıq TM-də yenidənqurma işləri aparılmış, 48 ədədində təmir işləri aparılmış və 25-ə yaxın transformator təmir edilərək şəbəkəyə qoşulmuşdur.
Analoji tədbirlər Biləsuvar EŞ-in də xidməti ərazisində aparılmış, bir kilometrə yaxın 0,4 kV-lik EVX çəkilmiş və 28 kilometrdən artıq xətt təmir edilmişdir. Eyni zamanda 34 kilometrdən 10 kV-lik EVX-də də əsaslı təmir işləri həyata keçirilmişdir.
Onu da qeyd edək ki, təmir kampaniyası zamanı 140-dan artıq TM-də müxtəlif təyinatlı təmir işləri görülmüş, 20 ədəd transformator təmir edilərək istismara verilmişdir.
Elə bunun nəticəsidir ki, sözügedən müəssisələrin xidməti ərazilərində mövcud iqlim şəraitində istehlakçıların enerji təminatında fasilə və digər nasazlıqlar qeydə alınmır.