HAZIRLIQ İŞLƏRİ YÜKSƏK SƏVİYYƏDƏ YERİNƏ YETİRİLİB

Image

 

Ölkə enerji sistemində əvvəlcədən həyata keçirilmiş hazırlıq işləri “Şəki Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) də özünü  müsbət yönümdə büruzə verir. Belə ki, bu günədək müəssisənin balans mənsubiyyətinə daxil olan yarımstansiya və enerji daşıyıcılarında  xoşagəlməz qəza halları  baş verməmişdir. “Azərenerji” ASC-nin Mətbuat xidməti sözügedən müəssisədən  daxil olan  məlumata əsasən bildirir ki, mövcud iqlim şəraitində REŞ-in normal  şəkildə fəaliyyət göstərməsi həyata keçirilmiş qabaqlayıcı hazırlıq işlərinin nəticəsidir.

Mənbədən daxil olan məlumata görə, bu məqsədlə ötən ilin IV rübündə də müəssisənin balans mənsubiyyətinə aid olan 110 və 35 kV-lik  yarımstansiyaların 16-da müxtəlif təyinatlı təmir işləri görülmüşdür. O cümlədən, 110 kV-lik “Zaqatala”, “Balakən”, “Qəbələ”, “İpək Kombinatı”, “Katex”; 35 kV-lik “Dəhnə”, “Oğuz”, “Qabaqçol” və digər yarımstansiyalarda ümumi gücü 90 MVA-ya yaxın olan transformatorlar təmir edilmiş, “Şəki” yarımstansiyasında isə bir ədəd eleqaz açarı quraşdırılmışdır.

Qeyd edək ki, hesabat dövrü ərzində sözügedən gərginlikdə olan hava elektrik verilişi xətlərində də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. O cümlədən, 35 kV-lik “Oğuz”, “Göynük” HX-lərdə dayaqlar yenisi ilə əvəzlənmişdir.

Mənbəyə istinadən qeyd edək ki, müəssisənin tərkib hissəsi olan elektrik şəbəkələrinin xidməti ərazilərində yerləşən  enerjidaşıyıcı obyektlərdə də təmir işləri aparılmışdır. Ümumiyyətlə isə, fövqəladə hallar nəzərə alınmazsa, müəssisə avadanlıqların texniki göstəriciləri  baxımından  iqlim şəraitinə tam hazırdır.

Yeri gəlmişkən, rayonların enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Analoji təmir işlərinin növbəti aylarda da davam etdirilməsi üçün lazımi material ehtiyatı yaradılmışdır. Hazırki iqlim şəraitini nəzərə alaraq  və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə yarımstansiyaların ərazisi quru otlardan təmizlənmiş, yanğınsöndürmə postları yoxlanılmış və komplektləşdirilmişdir. Eyni zamanda yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.

Xatırladaq ki, müəssisə “Şəki”, “Zaqatala”, “Balakən”, “Qax”, “Oğuz”, “İsmayıllı” və “Qəbələ” EŞ-ləri əlaqələndirir.