SUMQAYIT ES: PROQNOZDAN ARTIQ İSTEHSAL

Image

 

Respublikanın ikinci sənaye şəhəri olan Sumqayıtda fəaliyyət göstərən, ümumi gücü 525 MVt olan “Sumqayıt” elektrik stansiyası şəhərin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsində əhəmiyyətli dərəcə rol oynayır. Belə ki, stanisya enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin daha da dayanıqlı və stabil fəaliyyətlərini çox yüskək səviyyədə  təmin edir.  Dispetçer qrafikinə uyğun  fəaliyyət göstərən sözügedən syansiyada ötən il ərzində 2 milyard 222,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnozlaşdırıldığından 6,6 milyon kilovatsaat çoxdur. Elektrik stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə deyilir və o da bildirilir ki, il ərzində proqnozdan artıq elektrik enerjisnin istehsalına nail olunub. Keçən ilin dekabr ayı ərzində isə burada 222 milyon kilovatsaat proqnoza qarşı 222,6 milyon kilovatsaata yaxın elektrik enerjisi hasil olub.

Qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının xüsusi sərfi və şərti yanacağın xüsusi sərfi göstəriciləri üzrə də nəzərəçarpacaq səviyyədə qənaət əldə edilmişdir.    Paralel olaraq stansiyanın kollektivi ilə yanğından mühafizə təlim –məşq toplantıları keçirilmiş, bütün kateqoriyalardan olan işçi heyyəti maarifləndirilimişdir. Yeri gəlmişkən, ötən ilin IV rübü ərzində də stansiyanın optimal iş rejimini saxlamaq üçün qrafik üzrə avadanlıqlara texniki xidmət göstərilmişdir.

Xatırladaq ki, hər birinin gücü 164 meqavat olan iki ədəd qaz turbinləri və gücü 189 meqavat olan bir ədəd buxar turbini quraşdırılmış bu stansiya 2009-cu ilin noyabr ayında istismara verilmişdir. Stansiyada dünya standartlarına cavab verən ən müasir avadanlıqlar quraşdırılmışdır. Bu elektrik stansiyası Təmiz İnkişaf Mexanizmi prinsipi ilə istismar olunur və 2010-cu ilin oktyabrın 15-də Birləşmiş Millətlər Təşkilatı tərəfindən respublika üzrə ilk dəfə olaraq qeydiyyata alınmışdır. Beynəlxalq ekspertlərin rəyinə  görə, təkcə bu layihənin icrası nəticəsində karbon qazının atmosferə tullantısı ildə 1,5 milyon ton azalmışdır.