YENİ AVADANLIQLAR QURAŞDIRILIR
Enerjisistemin İdarəetmə Vasitələri Şəbəkəsi "Azərenerji" ASC-nin müəssisələrində daxili rabitəni təmin edən mühüm xidmət strukturudur. Bu xidmətin səmərəli fəaliyyəti ölkənin elektrik enerjisi ilə dayanıqlı təchizatında böyük əhəmiyyət kəsb edir. Ötən ili uğurla yola salan bu müəssisədə də nəzərdə tutulan texniki tədbirlər əvvəlcədən təsdiqlənmiş qrafik əsasında vaxtında yerinə yetirilib və müəyyən bir sıra əlavə işlər də görülüb.
Sözügedən müəssisədən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, "Azərenerji" ASC-nin inzibati binası ilə “Bakı” elektrik stansiyası arasında kanallar parametrlər üzrə normaya salınıb və telemexanika kanalları nizamlanıb. Eyni zamanda, dispetçer məntəqəsində olan rabitə avadanlıqlarının normal işləməsi üçün zəruri olan tədbirlər yerinə yetirilib. Bunlara nümunə olaraq dispetçer danışıqlarının CD disklərinə köçürülməsi, şəhər ATS-indən daxil olan xətlərin parametrlərinə nəzarət məqsədilə birgə işlərin aparılması, dispetçer məntəqəsində məlumat xarakterli yazılara nəzarət edilməklə zəruri düzəlişlərin icrası göstərilə bilər.
Qeyd edək ki, Astara, İmişli, Masallı və Salyan istiqamətində kanalların parametrlərinin yoxlanılması da görülən işlər sırasındadır. "Şimal" Elektrik Stansiyası üzrə isə telemexanika kanalının yeri dəyişdirilərək multipleskor avadanlığı ilə ötürülüb. Eyni zamanda 500 kV-lik "Abşeron" yarımstansiyası ilə 330 kV-lik "Yaşma" yarımstansiyası arasında yüksək tezliki rabitə kanalları təmizlənib, kanal yaradan avadanlıqlar yoxlanılıb. Analoji proseslər "Xırdalan", "Hövsan", "Sənaye qovşağı", “Sumqayıt” elektrik stansiyası və digər güc mərkəzləri arasında da reallaşdırılıb.
Onu da qeyd edək ki, SCADA layihəsi çərçivəsində Mingəçevir SES - 220 kV-lik "Qəbələ" yarımstansiyası, 330 kV-lik "Gəncə" YS - "Yenikənd" SES arasında işləyən kanallar yeni yüksək tezlikli rabitə avadanlıqlarına qoşulub. Həmin proses Şirvan İES ilə 110 kV-lik "Salyan" yarımstansiyası arasında da reallaşdırılıb. Analoji işlər 110 kV-lik "Ceyranbatan", "Novxanı" və "Əlağa Vahid" yarımstansiyalarında da həyata keçirilib. Bütün bunlarla yanaşı "Xaçmaz" və "Siyəzən" yarımstansiyaları arasında da radiorabitə təşkil olunub.
Yeri gəlmişkən, Avtomatlaşdırılmış Dispetçer İdarəetmə Sistemləri üzrə görülən işlər də çoxşaxəlidir. Bunlara operativ informasiya kompleksinin normal istismarının təmin olunması, elektrik və istilik enerjisinin real vaxt rejimində 6-10 saniyəlik arxiv yazılışı və çapının reallaşdırılması, bütün yüksək gərginlikli elektrik şəbəkələrindəki itkilərin aylıq hesabatının yerinə yetirilməsi, stansiyalar üzrə cari vaxt ərzində hasil edilən elektrik enerjisinin hesabatının aparılması üçün alqoritm və proqram təminatının hazırlanması daxildir.
Sonda mənbəyə istinadən onu da qeyd edək ki, müəssisə üzrə cari il üçün texniki istismar səviyyəsinin yüksəldilməsinə dair nəzərdə tutulan tədbirlər planı da genişdir. 330 kilovoltluq "Alüminium zavodu" yarımstansiyasında ATS-in quraşdırılması nəzərdə tutulur. 110 kV-lik 205 nömrəli yarımstansiya ilə “Abşeron” REŞ arasındakı 6 km-dən çox uzunluğunda kabelin təmiri də planlaşdırılan tədbirlər sırasındadır.