ELEKTRİK ENERJİSİNDƏN QEYRİ QANUNİ İSTİFADƏ HALLARININ QARŞISI ALINIR

Image

 

Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi, “Gəncə” və “Tovuz” EŞ-lərinin xidməti  ərazilərində həyata keçirilmiş məqsədyönlü tədbirlərə baxmayaraq, sayğac sxemlərinə müdaxilə halları aşkar edilir və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür.

Gəncə elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  2011-ci ilin 12 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 163 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 2 milyon 128,8 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 127,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 68 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, sözügedən müəssisənin xidməti ərazisində ötən ilin dekabr ayında  keçirilmiş reydlər zamanı aşkar edilmiş 25 qayda pozuntusuna görə 470,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 28,2 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 51 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Tovuz EŞ-dən əldə edilən məlumata görə, burada 2011-ci ilin dekabr ayında keçirilmiş reydlər zamanı 38 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Aktlar üzrə hesabat aparılaraq 371,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 22,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğ, eyni zamanda ötən aylarda aktlar üzrə yaranmış debitor borcun da müəyyən qisminin ödənişi təmin edilmişdir.

Onu da qeyd edək ki, 2011-ci il ərzində müəssisə üzrə 527 qayda pozuntusu aşkar edilərək 2 milyon 903,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 174,2 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 80 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən,  mənbələrdən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki,  elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu  məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.