TEXNİKİ-İQTİSADİ GÖSTƏRİCİLƏR QƏNAƏTBƏXŞDİR

Image

“Azərenerji”  ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Enerjinin İstehsalı İdarəsindən daxil olan məlumata görə, «Şəmkir SES Silsiləsi» MMC-nin kollektivi də istehsal tapşırıqlarını müntəzəm olaraq yerinə yetirir. Hidroenergetiklər cari ilin yeddi ayı ərzində 702,6 milyon kilovat-saat elektrik enerjisi istehsal ediblər. O cümlədən “Şəmkir SES”də 486,1 milyon kilovat-saat, “Yenikənd SES”də isə 216,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Silsilə əməkçiləri iyul ayını da uğurla yekunlaşdırıblar. Şəmkirli energetiklər 28,1 milyon, yenikəndlilər isə 10,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edərək aylıq proqnozu tam yerinə yetiriblər.

“Digər enerji obyektləri kimi adıçəkilən obyektdə də iş rejimi günün tələblərinə cavab verə biləcək səviyyədədir. Hal-hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir”, – deyən mənbə onu da bildirdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

Onu da qeyd edək ki, hər iki stansiya üzrə təmir-bərpa işləri «Azərenerji» ASC-nin təsdiq etdiyi 2015-ci ilin plan-qrafikləri üzrə aparılıb. “Şəmkir SES”in iki hidroaqreqatı və “Yenikənd SES”in dörd hidroaqreqatı, habelə digər köməkçi avadanlıqları saz vəziyyətdə işləyir. SES-lərdə olan avadanlıqlarda, qurğularda təmir işləri və yoxlamalar davam etdirilir. Həmçinin stansiyalarda 2015-ci ilin yaz-yay sel sularının qəbulu və ötürülməsi işləri normal başa çatdırılıb.