YENİDƏNQURMA İŞLƏRİ DAVAM ETDİRİLİR

Image

İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi və itkilərin maksimum azaldılması  energetiklərin qarşısında dayanan  ən mühüm vəzifələrindən biridir. Digər enerji obyektlərində olduğu kimi “Mingəçevir Regional Elektrik Şəbəkəsi”nin (REŞ) də  xidməti ərazilərində  bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. REŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayında dayanıqlığın daha da artırılması məqsədilə enerjisistem əhəmiyyətli 35 kV  və yuxarı gərginlikli elektrik verilişi  xətlərinin 40 kilometrdən artıq hissəsində əsaslı və cari təmir işləri aparılmışdır.

Qeyd edək ki, şəbəkənin 35 kV-lik və ondan yuxarı gərginlikli yarımstansiyalarında 20-dən artıq transformator, 70 dən artrıq yağ açarı, müxtəlif sayda vakuum və eleqaz açarları təmir edilərək normal iş rejiminə gətirilmişdir.

0,4 kV-lik EVX-nin 94 kilometrində, 6-10 kV-lik EVX-nin isə 95 kilometrdən artıq hissəsində yenidənqurma işləri aparılıb. Eyni zamanda transformator məntəqələrində də əsaslı və cari təmir işləri aparılmışdır.

Bunlarla yanaşı, 110 kV-lik “Qəbələ” yarımstansiyasında yenidənqurma işləri davam etdirilir.

REŞ-in balans mənsubiyyətinə daxil olan digər 110 kV-lik “Çəmənli” yarımstansiyasında 16 MVA transformator 25 MVA-lıq ilə əvəz edilmiş, eynigərginlikli “Hacılı” yarımstansiyasında isə  yenidənqurma işləri yekunlaşmışdır.

Qeyd edək ki, ölkə enerjisisteminin dayanıqlılığını daha da möhkəmləndirmək məqsədilə tikilən 220 kV-lik “Ağdaş” və 330 kV-lik “Goranboy” yarımstansiyaların inşası  davam edir.

Şəbəkədən verilən məlumatda o da bildirilir ki, REŞ-in digər xidməti əraziləri - Bərdə, Naftalan, Yevlax, Mingəçevir və Goranboy elektrik şəbəkələrinin ərazilərində 0,4-6-10 kV-lik xətlərdə yenidənqurma işləri davam etdirilir. Bu işlərə 2500-dən artıq sayğacın, 3 km-ə yaxın SİP kabelin və müxtəlif sayda dəmir beton dayaqların quraşdırılması daxildir.

Onu da bildirək ki, REŞ üzrə yenidənqurma işlərinin uğurla aparılması EVX-lərin mövcud iqlim şəraitində dayanıqlığını daha da artırıb.

Xatırladaq ki, müəssisənin balans mənsubiyyətinə ümumi uzunluğu 1700 kilometrə yaxın  yüksək gərginlikli EVX-ləri və 49 ədəd yarımstansiya daxildir.