BÖLGƏNİN ENERJİ SİSTEMİ TƏZƏLƏNİR
Qərb bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan “Gəncə Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) texniki göstəricilərin daha da yaxşılaşdırılması, istehlakçıların daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi, o cümlədən payız-qış mövsümünə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Şəbəkədən Göygöl, Şəmkir və Qazax rayonlarının inzibati ərazilərində yerləşən elektrik verilişi xətlərində və transformator məntəqələrində (TM) görülmüş cari və əsaslı təmir işləri barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə deyilir.
Mənbənin bildirdiyinə görə, “Göygöl” Elektrik şəbəkəsinin (EŞ) xidməti ərazisində həyata keçirilmiş yenidənqurma işləri çərçivəsində 1130-dan artıq dayaq basdırılmış, 56,2 kilometrə yaxın koaksial kabel və 71,3 kilometrə yaxın 0,4 kV-luq SİP kabel çəkilmişdir. Bununla yanaşı, 3 ədəd TM və 5 ədəd KTM quraşdırılmışdır.
Qeyd edək ki, təmir işləri zamanı 10 və 6 kV-lik “Göygöl”, “Nadel”, “Kökəltmə” və digər hava xətlərinin ümumilikdə 3,8 kilometrə yaxın hissəsi və 0,4 kV-lik xətlərin isə 4,2 kilometrdən artıq hissəsi əsaslı təmir edilmişdir. Eyni zamanda ümumi gücü 52,2 MVA-ya yaxın olan 132 ədəd transformator əsaslı və cari təmir edilmişdir.
“Şəmkir” EŞ-dən əldə edilən məlumata görə, rayonun elektrik sisteminin fəaliyyətlərini sağlamlaşdırmaq, elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmaq məqsədi ilə mühüm işlər görülüb. Bu baxımdan, şəbəkənin xidməti ərazisində dirəklərin yenisi ilə əvəz olunması istiqamətində görülən işlər diqqətəlayiqdir. Belə ki, rayon ərazisində 1300-dən çox dayaq quraşdırımış, 32,2 kilometrdən artıq koaksial kabel, 43,2 kilometrdən artıq isə 0,4 kV-luq SİP kabel çəkilmişdir. Bununla yanaşı, 2 ədəd TM və 5 ədəd KTM quraşdırılmışdır.
Onu da qeyd edək ki, şəbəkənin balans mənsubiyyətinə aid olan 10 kV-lik “Çınqıl”, “V. Xuluflu”, “Posanlı” və digər xətlərin 24,7 kilometri də təmir edilmişdir. Eyni zamanda yenidənqurma və təmir işləri 0,4 kV-lik şəbəkədən də yan keçməmişdir. Belə ki, sözügedən gərginlikli şəbəkənin 22,3 kilometrə yaxın hissəsi təmir edilmiş və 12 kilometrə yaxın isə yeni xətt çəkilmişdir. Bütün bunlarla yanaşı, 207 ədəd TM-də müxtəlif təyinatlı təmir işləri aparılmış və ümumi gücü 84,3 MVA-dan çox olan 200-dən artıq transformator təmir olunmuşdur.
“Qazax” EŞ-in xidməti ərazisində isə elektrik sisteminin dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə 10 və 6 kV-lik 1-ci və 2-ci “Şıxlı”, “Daş Salahlı”, “Hüseyinbəyli”, “Qazaxbəyli” və digər hava xətlərinin 8,6 kilometrə yaxın hissəsi təmir edilmişdir. 0,4 KV-lik xətlərin isə 12 kilometrdən artıq hissəsində təmir işləri aparılmışdır.
Yeri gəlmişkən, müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərin 7-də əsaslı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda ümumi gücü 22 MVA-ya yaxın olan 79 ədəd tranformator da təmir edilmişdir.
Sonda onu da qeyd edək ki, rayonun elektrik enerjisi ilə təchizatı sahəsində görülən zəruri tədbirlər keyfiyyəti və istismar səviyyəsini daha da yüksəldib.