“BAĞLAR” ŞƏBƏKƏSİ YENİDƏN QURULUR
"Bağlar Elektrik Şəbəkəsi”nin xidməti ərazisinə daxil olan mövcud şəbəkənin tamamilə yenidən qurulması istiqamətində əməli addımlar atılır. Yeniləşdirmə tədbirləri çərçivəsində müasir tələblərə cavab verən beton dayaqlar basdırılır, naqillər təzələnir, yüksək keyfiyyətli transformatorlar quraşdırılır. Bu günə kimi ərazinin təxminən 90 faizə yaxın hissəsindəki 0,4 kilovoltluq açıq naqillər müasir tələblərə cavab verən SİP tipli kabellərlə əvəzlənib.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir.
Mənbənin bildirdiyinə görə, ötən ilin sentyabrından etibarən şəbəkədə əvvəlcədən ödənişli “smart-kart” tipli sayğacların quraşdırılmasına başlanıb. Bu günə kimi məişət abonenti (əhali) istehlakçılar qrupunda 2900-dən çox sayğac quraşdırılıb. Bu işlər əsasən Novxanı və Məhəmmədi kəndlərində, "Bağlar" massivinin "Corat bağları" deyilən ərazisində, həmçinin Novxanı bağlarının bir hissəsində aparılır. Abonent istehlakçılar qrupunda quraşdırılan sayğacların sayı isə 30-dan çoxdur. Bu sahədə işlərin cari ilin ortasınadək yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, “smart-kart” tipli sayğacların quraşdırılmalı olduğu məişət abonenti (əhali) istehlakçıların sayı təxminən 23 mindir. Abonent istehlakçılar qrupunun sayı isə 600-ə yaxındır. Bunların da böyük hissəsi mövsümi xarakterli obyektlərdir.
Mənbəyə istinadən onu da qeyd edək ki, yeni quraşdırılan sayğacların əvvəlkilərlə müqayisədə daha mütərəqqidir. Belə ki, yeni sayğac enerji haqqının tam ödənilməsi, istehlakçı tərəfindən artıq gücdən istifadə olunmaması, əlavə güclərin qoşulmasının qarşısının alınması tələbatçıların daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunmalarına və s. şərait yaradır. Daha doğrusu istehlakçı alınan texniki şərtə uyğun gücdən istifadə edir. Əlavə yük qoşulduqda sayğac dövrəni açır və bu zaman istehlakçı texniki şərtin tələblərinə riayət etmək məcburiyyətində qalır.
Yeri gəlmişkən, digər şəbəkələrdə olduğu kimi, burada da debitor borc problemi mövcuddur. Lakin “smart-kart” tipli sayğaclar quraşdırıldıqca həmin ərazilərdə köhnədən qalan borcların həcmi azalır. Eyni zamanda “smart-kart” tipli sayğaclar quraşdırılan ərazilərdə həm sərfiyyatın azalması, həm də ödəniş faizlərinin əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artması halları müşahidə edilməkdədir.