STANSİYA DİSPETÇER QRAFİKİNƏ UYĞUN FƏALİYYƏT GÖSTƏRİR

Image

Müstəqillik dövründə Ulu Öndərin rəhbərliyi altında respublikada istismara verilən elektrik stansiyalarından biri, Abşeron yarımadasında generasiya güclərindən ən önəmlisi hesab olunan “Şimal” Elektrik Stansiyasında əsas və köməkçi avadanlıqların dayanıqlı və qənaətli işləməsi üçün müvafiq tədbirlər planı hazırlanmış və həyata keçirilmişdir. Nəticədə ötən illərdə olduğu kimi, cari ilin 5 ayı ərzində də texniki iqtisadi göstəricilər yüksək olmuşdur. Stansiya dispetçer qrafikinə uyğun normal iş rejimində fəaliyyət göstərir.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin ötən beş ayında “Şimal” ES-də 235,3 milyon kilovatsaat,  may ayında isə burada 7,7 milyon kilovatsaatdan  artıq elektrik enerjisi istehsal edilmişdir.

Onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

Mənbə bunu uğurla həyata keçirilmiş məqsədyönlü tədbirlərin məntiqi nəticəsi kimi qiymətləndirərək onu da bildirdi ki, mövsümə hazırlıq üzrə nəzərdə tutulmuş işlər və digər təşkilatı tədbirlər qrafik üzrə davam etdirilir. O cümlədən mövsümlə əlaqədar soyuducu su yollarının (dövran su nasoslarının girişindəki təmizləyici torlar) dənizdən gələn otlar hesabına  tutulmasının qarşısı alınaraq enerji blokunun normal iş rejimi təmin edilmişdir.

Yeri gəlmişkən, digər müəssisələr kimi burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğın nasoslarına baxış keçirilmiş, aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır. Eyni zamanda yanğın xəbərverici sistemləri əsaslı təftiş edilərək saz vəziyyətə gətirilmişdir. Bütün bunlarla yanaşı işçilərə əks-qəza təlimləri də keçirilir.

Xatırladaq ki, bu gün enerjisistemdə müstəsna əhəmiyyətinə görə seçilən, Bakı şəhəri və Bakıətrafı qəsəbələrin, ümumilikdə isə Abşeron yarımadasının elektrik enerjisi təchizatında mühüm rol oynayan «Şimal» Elektrik Stansiyasında ilk generator 1954-cü il  yanvar ayının 19-da enerjisistemə qoşulub. Stansiyanın istismara verilməsi tarixi də həmin gündən hesablanır. Lakin zaman keçdikcə burada quraşdırılan avadanlıqlar köhnəlir və istismar baxımından müasir tələblərə cavab vermirdi. Xüsu­silə də 1990-cı ildə Sovet İttifaqı dağıldıqdan sonra, keçmiş müttəfiq respublikaların bir çoxunda olduğu kimi, Azərbaycanda da elektrik enerjisi çatışmazlığı ya­ranmışdı.

15 iyun 1993-cü ildə Heydər Əliyevin  müstəqil Azərbaycan döv­lətinin rəhbərliyinə gəlişindən sonra, bütün sahələrdə olduğu kimi, elektrik enerjisi sistemində də kəskin dönüş yarandı. Məhz Ümummilli Liderin şəxsi təşəb­büsü nəticəsində “Şimal” DRES ikinci həyatına qədəm qoydu.

Yada salaq ki, xalqına xidməti həyat amalına çevirmiş Ulu Öndər Heydər Əliyevin təşəbbüsü nəticəsində Yaponiya hökuməti “Şimal” DRES-də gücü 400 meqavat olan buxar-qaz qurğusu (BQQ) üçün kredit tranşı açdı. 2000-ci il dekabr ayının 19-da həmin  qur­ğunun təməl daşı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyuldu. Bu nəhəng tikinti qısa müd­dətdə başa çatdırıldı və Azər­baycanda ilk dəfə olaraq 28 sentyabr 2002-ci ildə sinxronlaşdırma aparılaraq istismara verildi.

Bu blokun tikilməsi ilə əlaqədar stansiyada bir çox yeniliklər tətbiq olunmuşdur. Məsələn, yeni 110 kilovoltluq yarımstansiya inşa edilmişdir. Burada ən müasir 110 kV-lik eleqaz açarları tətbiq edilib. Dövriyyəyə əlavə edilən suyu hasil etmək üçün yeni tipli R-0 (əks-osmos) sistemli demineralizasiya qurğusu tikilmişdir.

"Şimal" ES-in inkişaf proqramı ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında bu gün də müvəffəqiyyətlə davam etdirilir. Artıq müəssisədə 409 meqavatlıq ikinci enerji blokunun tikintisi aparılır.  Tikinti-qu­raşdırma işləri qrafikə uyğun davam etdirilir.

Sonda onu da qeyd edək ki, icrasına başlanan layihənin müvəffəqiyyətlə başa çatdırılması  stansiyanın əhə­miyyətini daha da artıracaq, ener­jisistemin dayanıqlığına və ölkənin enerji təhlükəsizliyinə töhfəsini verəcəkdir.