“MİNGƏÇEVİR SESS”: YENİDƏNQURMA İŞLƏRİ DAVAM ETDİRİLİR

Image

Respublikada fəaliyyət göstərən nəhəng hidroenergetika müəssisələrinin birincisi və ümumi gücü 415 MVt-dan artıq olan “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi”nin ölkə enerjisi sistemində, o cümlədən pik yüklərinin idarə olunmasında özünəməxsus rolu vardır.  Avadanlıqların iş səmərəliliyinin artırılması məqsədilə bir sıra сari təmir və texniki təftiş işləri aparılmışdır. Enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Hazirda  burada yenidənqurma işləri davam etdirilir.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyada cari ilin 4 ay ərzində 159,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal olunmuşdur. O cümlədən, 2016-cı ilin aprel ayında isə 44,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

“Digər enerji obyektləri kimi adıçəkilən obyektdə də iş rejimi günün tələblərinə cavab verə biləcək səviyyədədir. Hal-hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir”, – deyən mənbə onu da bildirdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

Yeri gəlmişkən, silsilədə sel sularının qəbulu və ötürülməsi işləri normaldır.

Mənbə onu da bidirdi ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsi olan bütün yerlər diqqətdə saxlanılır və onlar təlimata uyğun olaraq yanğına qarşı ləvazimatlarla təmin olunmuşdur.  Eyni zamanda silsilədə yanğın təhlükəsizliyinə qarşı bir sıra tədbirlər həyata keçirilib.  Bütün yanğın kranları yoxlanılıb və tam işçi vəziyyətə gətirilmişdir. Yarımstansiya və avtotransformatorların əraziləri quru otlardan təmizlənmişdir.

Xatırladaq ki, uzunmüddətli istismardan sonra “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi”ndə (SESS) yenidənqurma işlərinə başlamaq üçün 1981-ci ildə sərəncam imzalanmış, stansiyanı ikinci gəncliyinə qovuşdurmaq,  istehsal gücünü artırmaq üçün 1989-cu ildə bu işlərə başlanılmış və məlum hadisələrlə əlaqədar (SSRİ-nin süqutu) stansiyada yenidənqurma işləri dayandırılmışdı.

Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra, müstəqil respublikamızın bütün sahələrində olduğu kimi, elektrik enerjisi sistemində də dönüşün əsası qoyuldu. Ölkə iqtisadiyyatının dirçəldilməsi və inkişafı üçün energetika qurğu və avadanlıqlarının təzələnməsi, yeni stansiyaların yaradılması mühüm istiqamətlərdən birinə çevrildi. Ulu Öndərimizin göstərişi ilə “Mingəçevir SESS”in də yenilənməsi istiqamətində müvafiq addımlar atıldı.