İŞLƏR UĞURLA DAVAM EDİR

Image

Səmərəliliyi yüksək olmaqla yanaşı tikinti müddətinin də azlığını nəzərə alaraq, Dövlət başçımızın diqqət və qayğısı sayəsində, elektrik enerji sisteminin respublika iqtisadiyyatının sürətli inkişafının qabaqlamasını təmin etmək məqsədilə, postsovet məkanında ilk dəfə olaraq ölkəmizdə generasiya güclərinin paylanmış struktur konsepsiyasını əsas götürərək, porşen tipli mühərriklərlə təmin olunmuş generatorlardan ibarət olan generasiya gücləri tikilərək istismara verilmişdir. Belə enerji obyektlərindən ilkini “Astara” elektrik stansiyasıdır.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, elektrik enerjisinin istehsalında, eyni zamanda enerjitəchizatı müəsissəsinə daha  keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində müəssisə kollektivi səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər.

Mənbəyə istinadən qeyd edək ki, bütün enerji obyektlərində olduğu kimi, burada da mövsümə hazırlıq çərçivəsində təmir-bərpa işləri yerinə yetirilib. Bütün avadanlıqlar yoxlanılmış, mühafizələr qaydaya salınmışdır. Eyni zamanda işçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində də tədbirlər görülmüşdür.

Onu da qeyd edək ki, stansiyada aqreqatların hamısı saz vəziyyətdədir. İstismar səviyyəsinin yüksək həddə saxlanılmasını təmin etmək üçün texniki məsələlərə diqqətlə yanaşılır, vaxtlı-vaxtında texniki baxışlar keçirilir və zəruri operativ tədbirlər görülür. Belə ki, enerjitəchizatı müəsissəsinə daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində son üç ay ərzində də növbəti istismar həddinə uyğun yeddi ədəd porşen tipli aqreqatda texniki xidmət işləri həyata keçirilmişdir. Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Enerjinin İstehsalı idarəsindən daxil olan məlumatda enerjisinin istehsalı ilə əlaqədar məsələyə toxunularaq qeyd edilir ki, 2016-cı ilin aprel ayında “Astara” ES-də 10,9 milyon kilovatsaatdan artıq  elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki, cari ilin ötən 4 ayı ərzində isə enerji obyektində 59,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Yeri gəlmişkən, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nailiyyətlər əldə edilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, digər müəssisələr kimi burada da yay mövsümünə hazırlıqla əlaqədar olaraq, yanğına qarşı təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğın su çəni, nasos qurğusu, su kəməri şəbəkəsi və digər avadanlıqlar yoxlanılmış, aşkar edilmiş qüsurlar aradan qaldırılmış və daimi nəzarətdə saxlanılır. Eyni zamanda işçilərə əks-qəza təlimləri keçirilir.

Xatırladaq ki, ümumi gücü  87 MVt olan “Astara” elektrik stansiyası 10 aqreqatdan ibarətdir.