TƏDBİR KEÇİRİLDİ

Image

Bu gün (10 may 2016-cı il tarixdə) “Azərenerji” ASC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları öncə inzibati binada Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdilər.

Sonra tədbir Səhmdar Cəmiyyətin akt zalında davam etdirildi. Tədbiri giriş sözü ilə açan “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev Ulu Öndərin ölkəmizin inkişafı sahəsindəki xidmətlərindən danışdı.

Qeyd etdi ki, Ulu Öndərin respublika rəhbəri seçildiyi 1969-cu ildən dövlətimizin inkişafı üçün tarixi dönüş mərhələsi başlandı. Həmin dövrdə Heydər Əliyev respublikanın elektrik enerjisi sisteminin də sürətli inkişafını təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirdi. Bir çox irimiqyaslı layihələr reallaşdırıldı. Bir-birinin ardınca yeni elektrik stansiyaları, yüksəkgərginlikli elektrik verilişi xətləri və yarımstansiyalar inşa edilib istifadəyə verildi. Bu da respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu. Heydər Əliyevin rəhbərliyinin birinci dövründə yaradılmış potensial hesabına artıq 1980-ci illərdən başlayaraq, Azərbaycan nəinki özünü elektrik enerjisi ilə tam təmin edə bilirdi, həmçinin qonşu respublikalara da elektrik enerjisi ixrac edirdi.  Məhz həmin illərdə Azərbaycanda hər kəndə, hər evə elektrik xətti çəkildi. Heydər Əliyev ölkəmizi və xalqımızı sözün həqiqi mənasında işıqlığa çıxardı.

Etibar Pirverdiyev onu da qeyd etdi ki, sovet hakimiyyəti dövründə Heydər Əliyev böyük uzaqgörənliklə Azərbaycanın milli kadr potensialının yaradılması məqsədi ilə  hər il istedadlı azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində, respublikamız üçün vacib olan ixtisaslar üzrə təhsil almağa göndərilməsi diqqətəlayiq bir ənənəyə çevrilmişdi. Elektrik energetikasının əhəmiyyətini yüksək qiymətləndirdiyinə görə Heydər Əliyev bu sahədə peşəkar mühəndis-texniklərin, quraşdırıcı-inşaatçıların yetişdirilməsinə də daim qayğı göstərirdi. Məhz bunun nəticəsidir ki, əvvəllər elektrik enerjisi obyektlərinin layihələndirilməsinə, inşasına və istismarına kənardan  mütəxəssislərin cəlb edilməsi təcrübəsi aradan qaldırıldı. Bu gün enerjisistemdə ən mürəkkəb texniki proseslər tamamilə yerli mütəxəssislərin gücü ilə həyata keçirilir. Bu da Ulu Öndərin diqqət və qayğısı ilə formalaşmış kadr potensialına əsaslanır.

Müstəqilliyin bərpasından sonrakı ilk illərdə Azərbaycanda baş verən prosseslər, 1993-cü ilin iyununda xalqın istəyi və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin həmin dövrdəki fəaliyyəti barəsində danışan natiq yeri gəlmişkən onu da qeyd etdi ki, 1990-cı illərin əvvəlində baş vermiş hadisələr, Sovet İttifaqının süqutu respublikamızın elektrik enerjisi sisteminə də təsirsiz ötüşmədi. Yaranmış siyasi və iqtisadi böhran nəticəsində elektrik enerjisi istehsalında böyuk problemlər yarandı. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində vaxtilə tikilib istifadəyə verilmiş “Azərbaycan İstilik Elektrik Stansiyası” olmasaydı, respublikanın, o cümlədən, paytaxt Bakının enerji təchizatında ciddi problemlər yaşana bilərdi. Azərbaycanın təkcə enerji sistemi üçün deyil, ümumən iqtisadiyyatı və bugünkü müstəqil inkişafı  üçün mühüm əhəmiyyət kəsb edən bu stansiya Heydər Əliyevin ən dəyərli yadigarlarından biridir. Bu stansiya hələ uzun illər xalqımıza, dövlətimizə xidmət edəcəkdir.

Müstəqillik   illərində  Möhtərəm   Prezidentimiz  cənab İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan İstilik Elektrik Stansiyası”nda aparılan modernləşdirmə onun generasiya imkanlarını artırmışdır. Hazırda mövcud çətinliklərə baxmayaraq, bizim təşəbbüsümüzlə stansiyanın fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə genişmiqyaslı tikinti-quraşdırma işləri həyata keçirilir. Bu da Ulu Öndərin əbədiyaşar ruhu qarşısında ona olan  sadiqliyimizin məntiqi nümunəsidir.

Etibar Pirverdiyev onu da vurğuladı ki, Ulu   Öndərimizin    başladığı və    tamamlaya    bilmədiyi işləri Möhtərəm Prezidentimiz cənab İlham Əliyev yeni dövrün çağırışlarını nəzərə almaqla uğurla davam etdirir. Cənab Prezidentin həyata keçirdiyi məqsədyönlü islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir. Əldə edilən uğurlar respublikanın elektrik energetika sisteminin dayanıqlığını və təhlükəsizliyini daha da möhkəmləndirmişdir. Eyni zamanda, bölgədə elektrik enerjisi ixracatçısı mövqeyinə çıxarmışdır.

Bütün bunlar Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın iqtisadi qüdrətinin artırılması, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılması kimi mühüm istiqamətləri özündə birləşdirən müdrik siyasətinin nəticəsidir. Onun müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında  Azərbaycanda qarşıya qoyulmuş məqsədlər bundan sonra da qətiyyət və ardıcıllıqla həyata keçiriləcəkdir. Qüdrətli dövlətimiz dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutacaqdır.

Tədbirdə çıxış edən digər natiqlər Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə respublika iqtisadiyyatının inkişafı, o cümlədən elektrik energetika sistemində görülmüş işlər və əldə olunmuş nailiyyətlərdən danışdılar. O da qeyd edildi ki, son illər həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz elektrik enerjisi idxalından azad olmuş, enerji sistemin təhlükəsizliyi təmin edilmişdir. Eyni zamanda, mövcud stansiyalar modernləşdirilmiş, dünya standartlarına cavab verən müasir qurğu və avadanlıqlarla təchiz edilmişdir.

Tədbirin sonunda Ulu Öndərin fəaliyyəti ilə bağlı film nümayiş etdirildi.