HİDROAQREQATLAR İŞƏ QOŞULMUŞDUR

Image

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, “Mingəçevir” Su Elektrik Stansiyasında (SES) avadanlıqların iş səmərəliliyinin artırılması məqsədilə bir sıra təmir və texniki təftiş işləri aparılmış, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində isə bir sıra tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində texniki iqtisadi göstəricilərin yüksəldilməsinə səbəb olmuşdur.

“Mingəçevir” SES-də cari ilin oktyabr ayında 41,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir ki, bu da 2015-ci ilin eyni dövründəki istehsaldan 2,5 milyon kilovatsaat artıqdır.

2016-cı ilin ötən 10 ayında isə “Mingəçevir” SES-də 492,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehsaldan 115,2 milyon kilovatsaat artıqdır.

Avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələrin əldə edilməsinə imkan vermişdir.

“Mingəçevir” SES-in 1 və 3 saylı hidroaqreqatlarında aparılan yenidənqurma işləri başa çatdırılmış və hidroaqreqatlar işə qoşulmuşdur. Eyni zamanda cari ilin son üç ayı ərzində işdə olan hidroaqreqatlarda qrafik üzrə nəzərdə tutulmuş texniki xidmət işləri tamamilə yerinə yetirilmişdir.

Ümumi gücü  424,6 MVt olan bu elektrik stansiyası 1953-cü ildə istismara verilmiş və 6 hidroaqreqatdan ibarətdir.