“MİNGƏÇEVİR” REŞ: TƏMİR İŞLƏRİ APARILIR
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda deyilir ki, digər enerji obyektlərində olduğu kimi “Mingəçevir Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) də mövsümə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, tədbirlər planında nəzərdə tutulmuş işlər əsasən yerinə yetirilmiş və yanğın təhlükəsizliyi ilə bağlı bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.
Belə ki, cari ilin son dörd ayı ərzində “Mingəşevir” REŞ-in balans mənsubiyyətinə aid olan 110/35/6 kV-luq “Şəhər” yarımstansiyasında 1 saylı 40,5 MVA gücündəki transformator təmir edilmiş, onun 35 kV-luq giriş yağ açarı yenisi ilə əvəz olunmuş; 40 KVA gücündəki xüsusi sərfiyyat transformatorunun 0,4 kV-lik tərəfi sxemaya qoşulmuş; I bölmədə yeni KRN-10 tipli yuva quraşdırılmış; yeni 6 kV-lik qapalı paylayıcı quruluşda I və III bölmələrin kabel xəttinin 1 saylı transformatorun 6 kV-luq giriş yağ açarının çıxış şin körpüsünə qoşulması üçün portal hazırlanmış; 1-ci və 2-ci Şəki hava xəttinin (HX) eleqaz açarları təmir edilmişdir.
Eyni zamanda, həmin bu dövrdə 110/35/10 kV-lik “Yevlax” yarımstansiyasında 1 və 2 saylı transformatorlarda təmir işi görülmüş, 2 saylı transformatorun 110 kV-lik və 10 kV-lik giriş yağ açarı təmir edilmiş; 35 kV-lik JBİ-16, 10 kV-lik 3-cü Kənd, Nasos, Neftbaza, Quşçuluq və digər bir neçə HX-lərin yağ açarları təmir edilərək normal işçi vəziyyətinə gətirilmişdir.
Həmin bu dövrdə 220/110/10 kV-lik “Ağsu”, “Qəbələ”, 110/35/10 kV-luq “Ucar”, həmin gərginlikdə olan “Bərdə”, “Xalac”, “Ağcabədi”, “Naftalan” və digər bir neçə yarımstansiyada müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Ümumilikdə isə, cari ilin son dörd ayı ərzində “Mingəçevir” REŞ-in balans mənsubiyyətinə aid olan yarımstansiyalarda müxtəlif gərginlikli 11 ədəd transformator, 220 kV-lik 13 ədəd, 110 kV-lik 35 ədəd və 35 kV-lik 7 ədəd, 6-10 kV-lik 14 ədəd yağ və eleqaz açarları təmir edilərək normal iş rejiminə gətirilmişdir. Bütün bunlarla yanaşı həmin bu dövrdə transformatorlarda yağların səviyyəsinin tənzimlənməsi məqsədilə 5,5 tondan artıq transformator yağı işlənilmişdir.
Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən o da bildirildi ki, respublikanın enerji sistemi üçün son dərəcə strateji əhəmiyyətə malik olan 1-ci və 2-ci “Abşeron”, 1-ci, 2-ci və 6-cı “Mingəçevir” elektrik verilişi xətləri (EVX) xüsusi diqqət mərkəzindədir.
Qeyd edək ki, hesabat dövründə “Mingəçevir” REŞ-in xidməti ərazisində olan 110 kV-lik 1-ci Gəncə, 3-cü Yevlax, 1-ci və 2-ci Ucar, 2-ci, 3-cü və 4-cü Bərdə, 220 kV-lik 1-ci Mungəçevir, 330 kV-lik 1-ci Abşeron, 4-cü Mingəçevir, 500 kV-lik 2-ci Abşeron EVX-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Buraya izolyatorların və naqillərin dəyişdirilməsi, illgəklərin (şleyflərin) və dayaqlarda kontur torpaqlanmanın təmiri, xəttin trassasının yaşıl kütlədən təmizlənməsi və digər işlər aiddir.
Həyata keçirilən və nəzərdə tutulmuş tədbirlər planı müntəzəm xarakter daşıyır və bu kimi tədbirlər ölkə enerjisisteminin stabil və dayanıqlı iş rejiminin təmin edilməsində mühüm amillərdəndir.
“Mingəçevir” REŞ, Mingəçevir şəhəri, Ağdaş, Ağsu, Goranboy, Bərdə, Yevlax, Ucar, Ağcabədi, Beyləqan, Naftalan, Füzuli rayonlarında enerjitəchizatı müəssisəsinə enerjinin ötürülməsini həyata keçirir.