“SUMQAYIT YGEŞ”: TEXNİKİ-TƏMİR İŞLƏRİ APARILIR
Bütün elektrik energetika müəssisələrində olduğu kimi, “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”nin (YGEŞ) əmək kollektivi də enerjitəchizatı müəssisələrini daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün səylə çalışır. Gündən-günə inkişaf edən iqtisadiyyatımızın elektrik enerjisinə olan tələbatının artdığı bir vaxtda sistem əhəmiyyətli yarımstansiyaların, yüksəkgərginlikli elektrik verilişi xətlərinin daim saz vəziyyətdə olması vacibdir. Ötən illərdə olduğu kimi, cari ildə də görülmüş işlər təqdirəlayiqdir.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Sumqayıt” YGEŞ-in xidməti ərazisində cari ilin son üç ayı ərzində Azərbaycan və Rusiya enerjisistemlərinin paralel rejimdə işləməsində əhəmiyyətli rola malik olan 330 kilovoltluq (kV) "Yaşma" yarımstansiyasında da texniki yenilənmə işləri görülüb. O cümlədən, 220/110/10 kV-lik 1 saylı 200 MVA, 330/220/10 kV-lik 2 saylı 240 MVA avtotransformatorlar, 330 kV-lik 1 və 3 saylı eleqaz açarları, 330 kV-lik 8-ci “Abşeron” və “Xaçmaz” hava xətlərinin (HX) avadanlıqları və digər bir neçə elektrik avadanlıqları təmir edilmiş, rele mühafizəsi və avtomatikası yoxlanılmışdır. Ümumilikdə, obyektdə müasir texnologiyaların tələblərinə cavab verən avadanlıqların quraşdırılması sistemdə enerjinin ötürülməsinin dayanıqlığının daha da artmasına müsbət təsirini göstərmişdir.
Qeyd edək ki, həmin bu dövrdə 220 kV-lik “Sənaye Qovşağı”, 110 kV-lik “Sumqayıt-3” yarımstansiyalarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
“Respublikanın sosial-iqtisadi həyatının bütün sahələrində olduğu kimi, şəbəkənin balansındakı yarımstansiyalardan elektrik enerjisi ilə təchiz edilən şəhər və qəsəbələrin, sənaye obyektlərinin inkişafının ildən-ilə artdığı nəzərə alınaraq, əsas yarımstansiyalarda olan transformatorların bəziləri daha güclüləri ilə, köhnə tipli yağ açarları müasir, zamanın tələblərinə cavab verən eleqaz, vakuum açarlarla əvəz edilib, mövsümi tədbirlər planına, illik plan-qrafikə əsasən bütün işlər ardıcıllıqla, vaxtında və keyfiyyətlə yerinə yetirilib”, – deyən mənbə görülən işlərə nümunə olaraq 110 kV-lik “Sumqayıt-2” yarımstansiyasında 2 saylı 80 MVA güc transformatorunun, 110 kV-lik II bölmə və digər avadanlıqların təmir və sınaq edilməsi, yarımstansiyada 10 kV-lik I və II bölmələrdə yenidənqurma işlərinin aparılması, o cümlədən 9 ədəd yeni yuvanın quraşdırılması göstərilə bilər. Eyni zamanda 110 kV-lik “135 saylı” yarımstansiyada 1 və 2 saylı 40 MVA transformatorlar, 110 kV-lik bölmələr və digər avadanlıqların təmiri, rele mühafizəsi və avtomatika qurğularının yoxlanılnası da görülən işlərin siyahısındadır.
Onu da qeyd edək ki, analoji təmir işləri 110 kV-lik “Ceyranbatan”, “Masazır”, “Şamaxı” və digər yrımstansiyalarda da həyata keçirilmişdir. Yeri gəlmişkən, həmin bu dövrdə 110 kV-lik “Ceyranbatan” yarımstansiyasında 1 və 2 saylı 63 MVA transformatorlarda avtomatik yanğınsöndürmə qurğusunun quraşdırılması və işə qoşulması başa çatdırılmışdır.
Ümumiyyətlə, yarımstansiyalarda həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri enerjinin ötürülməsi sisteminin dayanıqlığını daha da möhkəmləndirmişdir.
Hava xətləri üzrə görülən işlərə gəldikdə isə mənbə onu da bildirdi ki, balans mənsubiyyətinə daxil olan EVX-lərə vaxtında texniki baxış keçirilir, aşkar edilən hər hansı nasazlıqlar yerindəcə aradan qaldırılır. Həmin bu dövrdə 500 kV-lik 2-ci “Abşeron”, 330 kV-lik 8-ci “Abşeron”, 220 kV-lik “Yaşma”, 7-ci “Abşeron” və digər hava elektrik verilişi xətləri bu qəbildən olan enerji obyektləridir. Belə ki, adıçəkilən EVX-lərin dayanıqlığının daha da artırılması məqsədilə burada müxtəlif təyinatlı yenidənqurma və təmir-bərpa işləri yerinə yetirilmişdir. Aparılmış təmir işləri zamanı naqillər yenilənmiş, şleyflər təftiş edilmiş, izolyatorlar dəyişdirilmiş, sallaq naqillər çəkilmişdir.
Yeri gəlmişkən, Planlaşdırılmış Tədbirlərə uyğun olaraq, müəssisədə iqlim şəraiti ilə bağlı təmir işləri ilə yanaşı yanğına qarşı tədbirlər də vaxtında və keyfiyyətlə yerinə yetirilib. Belə ki, bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılmış, ərazi quru otlardan təmizlənmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, şəbəkədə istismarda olan ildırımdan mühafizə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş qüsurlar aradan qaldırılmış və tam yararlı vəziyyətə gətirilmişdir.
Xatırladaq ki, təməli 1964-cü ildə qoyulmuş bu müəssisə Sumqayıt regionu ilə paralel olaraq, ölkəmizin şımal bölgəsinə, Abşeron yarımadasının bir hissəsinə, eləcə də Şamaxı-Qobustan (Mərəzə) rayonlarına elektrik enerjisinin ötürülməsini həyata keçirir.