“AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi yeni inkişaf konsepsiyası olmaqla köklü iqtisadi dəyişikliklərə geniş şərait yaradacaqdır.
Bu Fərmanda strateji hədəflərdən biri kimi müəyyənləşdirilən, Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi ölkəmizin tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsinə daha əlverişli mühit formalaşdıracaqdır. Yeni texnologiyaların tətbiq edilməsi ilə dayanıqlıq və səmərəlilik əhəmiyyətli dərəcədə yüksələcəkdir.
Məlum olduğu kimi, yaxın və uzaq perspektivlər üçün elektrik enerjisi sisteminin prioritetləri də bu mühüm əhəmiyyətli sənəddə öz əksini tapmışdır. Bu sahə ilə bağlı vacib və strateji məqamlara fundamental əsaslarla yanaşılması onu deməyə əsas verir ki, elektrik enerjisi infrastrukturunda dəyişikliklər, yeniliklər baş verəcəkdir. Enerji sistem dövrün texnoloji inkişafı ilə paralel olaraq müasirləşməkdə davam edəcəkdir. “Azərenerji” ASC bu Strateji Yol Xəritəsindən irəli gələn vəzifə və funksiyaların icrasına başlayaraq, Azərbaycan Respublikası Prezidenti tərəfindən qarşımıza qoyulan yeni hədəflərin optimal idarəetmə üsulunu və yeni İş Planı hazırlayır.
Bildiyimiz kimi, ötən 15 ildə ölkənin istehsal həcmi bir necə dəfə artmış və Azərbaycan Respublikasının elektrik enerjisi ixracı potensialı genişlənmiş, stansiyalar modernləşdirilmiş, yarımstansiyalar və ötürücü xətlər yenilənmişdir. Hazırda ölkədə elektrik enerjisinin 90 faizdən çoxu istilik elektrik stansiyalarında, qalan hissəsi isə su və digər elektrik stansiyalarında istehsal edilir.
Bir daha qeyd edək ki, Strateji Yol Xəritəsi iqtisadi və demoqrafik inkişafla əlaqədar artan tələbatın tam ödənilməsinə, elektrik enerjisi təchizatının daha da şaxələndirilməsinə və təchizatın dayanıqlığının təmin edilməsinə yeni imkan yaradır. Bu Fərman “Azərenerji” ASC-nin qarşısına yeni vəzifə və funksiyalar qoyur və bu istiqamətdə infrastrukturun kompleks inkişafına yol açır.
Bir sözlə, Strateji Yol Xəritəsi yeni texnologiyaların tətbiqi ilə strateji hədəflərə doğru irəliləmək üçün mükəmməl konsepsiyadır.